Sosial

“CodeMaster.az” rəqəmsal tədris platforması istifadəyə verildi

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi, UNEC-in IV kurs tələbəsi Ağazadə Çimnaz Ramiz qızının təşəbbüsü ilə yaradılan CodeMaster.az onlayn tədris platforması rəsmi şəkildə istifadəyə verilib.

Aktualinfo.az xəbər verir ki, CodeMaster.az rəqəmsal bacarıqların inkişafına yönəlmiş, proqramlaşdırma, dizayn və rəqəmsal marketinq sahələrində gələcəyin peşəkarlarını yetişdirməyi hədəfləyən innovativ tədris platformasıdır.
Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə, real bacarıqlara sahib olmaq heç vaxt bu qədər vacib olmamışdı.Biz CodeMaster olaraq, tələbələrin və karyera qurmaq istəyənlərin müasir biliklərə, praktiki bacarıqlara və real layihələrə əsaslanan tədris mühitinə çıxışını təmin edirik. İstifadəçilər platforma vasitəsilə evdən çıxmadan, istənilən cihazdan dərslərə qoşularaq real kod nümunələri və dizayn tapşırıqları üzərində işləmək imkanı qazanırlar. Bu, onların nəzəri biliklərlə yanaşı, praktik təcrübə əldə etməsinə şərait yaradır. Platforma həmçinin gənclərin nailiyyətlərini paylaşmaq və rəqəmsal mühitdə aktiv olmaq imkanlarını genişləndirir. İstifadəçilər öyrəndikləri bacarıqları və əldə etdikləri nəticələri İnstagram səhifəsi – @codemasterproject vasitəsilə asanlıqla bölüşərək həm dostlarını motivasiya edə, həm də öz inkişaf yolunu izləyə bilərlər.

Layihənin müəllifi Ağazadə Çimnaz bildirib ki, “CodeMaster.az” vasitəsilə məqsəd gənclərin gələcək karyeralarına möhkəm təməl yaratmaq və onları qlobal rəqəmsal bazarda rəqabətədavamlı mütəxəssislərə çevirmək, Azərbaycanda və regionda rəqəmsal bacarıqlara yiyələnmək istəyən hər kəs üçün keyfiyyətli, əlçatan və praktiki tədris mühiti yaratmaqdır.

“Bu platforma sadəcə tədris yeri deyil, həm də öyrənmək və paylaşmaq üçün bir icmadır. Gənclər buradan həm bilik, həm də real təcrübə qazanaraq gələcəyin iş dünyasına daha hazırlıqlı daxil olacaqlar,” – deyə layihə rəhbəri qeyd edib.

Bugünkü dünyada rəqəmsal bacarıqlar sadəcə peşə deyil, gələcəyin dilidir. Hər bir gənc öz potensialına inanmalı, öyrənməkdən çəkinməməli və özünü daima inkişaf etdirməyə çalışmalıdır. “CodeMaster.az” platforması bu yolda sizin üçün açıqdır — burada öyrənmək, sınaqdan keçmək və uğur qazanmaq üçün hər fürsət var. Unutmayın ki, kiçik bir addım böyük bir başlanğıcın başlanğıcıdır.

Oxşar Xəbərlər

Back to top button