Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımı hazırlıqları həyata keçirməyə nail oldu. Bunu Ölkə başçısı cənab İlham Əliyev COP29 tədbirinin yekun iclasında qeyd etdi.
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan COP29-da bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
Bakı Maliyyə Məqsədi ilə varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu xüsusda yayılan rəsmi açıqlamada bildirilir ki, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, külək enerjisi ilə işləyən elektrik stansiyalarının tikintisi artıralacaq, meşələrin qırılmasının məhdudlaşdırılması ilə yanaşı yeni meşə massivlərinin bərpası və salınması işi gücləndiriləcək.
Bu tədbir ilə ölkəmiz imicini daha çox coğrafiyalarda genişləndirdi. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi platforması kimi yox, həm də ölkələrin haqq səslərinin eşidilməsi, onların birgə əməkdaşlıq şəbəkələri qurması baxımından da əhəmiyyətli oldu. COP 29-da Azərbaycan qlobal problemlərin həllində sözdə deyil, əməldə da fəal iştirakçı olduğunu sübut etdi və ölkəmizin əksər dövlətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha onlar tərəfindən təsdiqləndi.
Azərbaycan dövləti daha bir qlobal tədbiri yüksək səviyyədə keçirməyə müyəssər oldu. Xarici qonaqların qarşılanmasından ev və otellərdə yaşamalarına qədər, nəqliyyat və təhlükəsizlikdən tədbirin baş tutduğu zallardakı rahatlığa qədər hər şey çox böyük peşəkarlıqla həyata keçirildi. Azərbaycan Qlobal Cənub ilə Şimalı bir yerə gətirməyi bacardı, planetar miqyaslı problemlərin effektiv şəkildə müzakirəsinə ev sahibliyini böyük əzmkarlıq və professionallıqla keçirməyə qadir oldu.
Arzu Yaqubova,
Xəzər rayonu, 181 nömrəli məktəbin tarix müəllimi, Tarixçi-türkoloq