AnalitikaGündəmSiyasət

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir

Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində dönüş nöqtəsi hesab edilir. Noyabrın 11-dən 24-nə (01.00-a) qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır.

Uzun illərdən bəri bu böyük beynəlxalq tədbirlərə (“Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1”, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29-u da yüksək səviyyədə keçirməklə Azərbaycanın, necə deyərlər, qonaq qarşısına üzüağ çıxmaq mərifətini göstərdi və böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu. Məhz COP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edilir. Burada ən mühüm məqamlardan biri də odur ki, iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcək. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

COP29-da “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələri xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, COP29-da əldə olunan nəticələr bəşəriyyətin bundan sonra quracağı gələcəyin təməlini qoyub. Tədbirə uğurla ev sahibliyi edən, təşkilati işləri mükəmməl səviyyədə reallaşdıran Azərbaycan COP29 fonunda dünyaya həm də onu nümayiş etdirdi ki, bu gün qlobal miqyasda tendensiyaları müəyyən edən ölkələr sırasındadır. Dünya qəbul edir ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artır, bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir. Azərbaycan indi qlobal gündəmi formalaşdırmağı bacaran ölkələrdən biridir. COP29-da Azərbaycanın liderliyi ilə qəbul olunan qərarlar isə bəşər sivilizasiyanın üzləşdiyi ən aktual təhdidlərin dəf edilməsi baxımından qarşıdakı onilliklərdə qlobal proseslərin gedişatını müəyyən edəcək. Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Azərbaycan bir daha dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button