Dəmir yumruq yerindədir
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Bu, səbrimizin son damlası oldu. Daha bəs idi! Bütün bunlar müzəffər ordumuzun Qarabağ bölgəsində antiterror tədbirləri keçirməsini zəruri etdi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Lakin Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan postmüharibə dövründə bütün vasitələrdən yararlanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş çoxsaylı təxribatçı addımlardan bəziləridir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan hərbi birləşmələrini ərazilərimizdən çıxarmalı, revanşist planlardan əl çəkməli, suverenliyimizi və ərazi bütövlüyümüzu pozmağı dayandırmalı, Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən imtina etməlidir. Eləcə də qanunsuz xunta rejimi buraxılmalıdır. Əgər ermənilər bunu xoşluqla etməyəcəkdisə, beynəlxalq hüququ və suverenliyimizi dövlətimiz öz gücünə təmin edəcəkdi və etdi də! Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək qalib Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı