
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir.Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. Bu gün dövlət dilimiz olan Azərbaycan dilinin hərtərəfli inkişafı, dünyanın ən mötəbər tribunalarından səslənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi tarixi bir başlanğıc oldu. Azərbaycan dilində məktəblərin sayının artırılması, ana dilimizdə ədəbi-bədii yaradıcılığın geniş vüsət alması, ziyalılarımıza qarşı “millətçilik” damğası ilə aparılan terror siyasətinə son qoyulması da məhz Heydər Əliyev erasının xalqımıza gətirdiyi ilk yeniliklər idi. Bütün bunlarla Heydər Əliyev daha sonrakı məqsədlərə nail olmaq üçün zəmin hazırlayırdı. Hakimiyyətdə olduğu ilk onillik ərzində Heydər Əliyev iqtisadi-sosial inkişaf baxımından 15 müttəfiq respublika arasında geridə qalan Azərbaycanın İttifaqın ən güclü sənaye ölkələrindən birinə çevrilməsini təmin etdi. Nəhayət, 1978-ci ildə o zamanlar üçün gerçəkləşməsi mümkün görünməyən bir təşəbbüslə çıxış edərək ölkəmizin yeni Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail oldu. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da xüsusi diqqət göstərdiyi məsələlərdən biri dil məsələsi oldu. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.Ümummilli Lider bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər onun keşiyində də mərdliklə durdu. Nüfuzun qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və isdəyinə nail oldu. H.Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından aslı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənələrini unutmamalıdır.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.Fəxarətlə deyə bilərik ki, bu gün 50 milyondan artıq soydaşımız sevə-sevə bu dildə danışır. Məhz Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin, həmrəyliyinin əsas təminatçısıdır. Əlbəttə, hər bir azərbaycanlı ilk növbədə Ana dilimizin qayğısına qalmalı və onu qorumaq üçün əlindən gələni əsirgəməməlidir.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri