AnalitikaGündəmSiyasət

Dövlət başçılarının qarşılıqlı səyləri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradır

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasından sonra tərəflər müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirmişlər. Bu əlaqələr qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipinə əsaslanır və son dövrlərdə yüksək səviyyəli siyasi dialoqun sürətlə artması ilə diqqətə çarpır.

Martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında Bakıda keçirilən görüş, ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başladığını göstərir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələr arasındakı siyasi dialoq dinamik bir şəkildə inkişaf edir. Cəmi bir neçə ay ərzində dövlət başçıları arasında ikinci dəfə görüşün keçirilməsi əməkdaşlığın gücləndiyini göstərir.

Azərbaycan bu əlaqələrin yalnız siyasi sahə ilə məhdudlaşmamasını, həm də iqtisadi və humanitar sahələrdə inkişaf etməsini vacib hesab edir. Prezident İlham Əliyev bu rəsmi səfərin və nümayəndə heyətlərinin görüşlərinin ardından ticarət və iqtisadi əlaqələrdə yeni imkanların yaranacağına ümid etdiyini bildirib.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair bir sıra müqavilələr mövcuddur. 2013-cü ildə imzalanmış “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” və “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər bu sahədə hüquqi əsasları təmin edir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən Şimali Makedoniya kapitallı 5 kommersiya qurumundan 3-ü aktiv olaraq işləyir. Bu, iqtisadi əlaqələrin başlanğıc mərhələsində olduğunu göstərir, lakin gələcəkdə qarşılıqlı sərmayələrin artacağı gözlənilir. Azərbaycan tərəfi, bu sahədə yeni təşəbbüslərin irəliləməsini, sərmayə qoyuluşu imkanlarının araşdırılmasını və ticarət dövriyyəsinin artırılmasını vacib sayır.

Son dövrlərdə ikitərəfli münasibətlərdəki mühüm inkişaflardan biri enerji sahəsində əməkdaşlığın başlanmasıdır. Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına tədarük olunması bu əməkdaşlığın konkret nəticəsidir. Bu, Azərbaycanın enerji ixrac coğrafiyasını genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir, bu da regional enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da gücləndirir.

Üç il əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq bəyannaməsi bu sahədə irəliləyiş üçün əhəmiyyətli bir addım olmuşdur. Azərbaycan qazının bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rolu nəzərə alındığında, Şimali Makedoniya ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin inkişafı da dövlətlərarası münasibətlərdə mühüm rol oynayır. Prezident İlham Əliyev bu sahədə qarşılıqlı mədəni əlaqələrin genişlənməsini müsbət qiymətləndirib. Şimali Makedoniya Prezidentinin Bakı səfəri zamanı mədəni tədbirlərdə iştirakı xalqlar arasında daha yaxın münasibətlərin qurulmasına töhfə verir.

Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər siyasi etimadın möhkəmlənməsi, enerji sahəsində strateji tərəfdaşlıq və humanitar sahədə artan əməkdaşlıq fonunda inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səyləri bu əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Gələcəkdə iqtisadi və investisiya əlaqələrinin genişlənməsi bu əməkdaşlığın daha da inkişaf etməsinə imkan yaradacaq.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button