AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Dövlət Bayrağı Gününün təsis olunması bizim öz müstəqilliyimizə, dövlətçiliyimizə olan ehtiramdan irəli gəlir

Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd edir: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir.

Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.” Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini  məhv etdi. Azərbaycan Ordusunun 44 gündə erməni silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnika 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında nümayiş olunmaqla yanaşı, dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Bakının Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə təqdim edilir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Bundan böyük xoşbəxtlik ola bilərmi? 30 illik işğal dövrünün dağıntıları hazırda bərpa-quruculuq işləri ilə əvəzlənib. Tarixi sahibinə qovuşan torpaqlarımız çal-çağırlı dövrünü yaşayır.

Soydaşlarımzın Böyük Qayıdış proqramının uğurlu icrası nəticəsində qayıtdığı ünvanların sıralaması genişlənir. Bu günlər Azərbaycan xalqı daha sevinclidir. Tarixi Zəfərimizin dörd illiyini, həmçinin 9 Noyabr-Dövlət Bayrağı Gününü möhtəşəm uğurlarla qeyd edirik. Hər bir bayram özündə mühüm çağırışları ifadə edir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri  2020-ci ildə  reallığa çevrildi. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü sayəsində ərazi bütövlüyümüz bərpa olundu, 30 illik torpaq həsrətinə son qoyuldu. Təbii ki, bu müstəqillik asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq.

Biz müstəqil Azərbaycanla fəxr edirik. Buna görə də, Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, Onun müəyyənləşdirdiyi siyasətə borcluyuq. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, Dövlət Bayrağı Gününün təsis  olunması bizim öz müstəqilliyimizə, dövlətçiliyimizə olan ehtiramdan irəli gəlir. Bununla xalqımız dövlətimizin qüdrətini dünyaya nümayiş etdirməkdədir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button