AnalitikaGündəmSiyasət

Dövlət dilinin konstitusion statusu – milli kimliyimizin təminatı

Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini özündə yaşadan ən mühüm sərvətlərdən biridir. Dilin qorunması və inkişaf etdirilməsi milli dövlətçiliyin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Azərbaycan tarixində dövlət dilinin hüquqi statusunun təmin edilməsi istiqamətində atılan addımlar xüsusi əhəmiyyət daşıyır.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biri hesab olunur. Həmin dövrün mürəkkəb siyasi şəraitində bu müddəanın təsbit olunması milli maraqların qorunması baxımından böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Bu addım Azərbaycan dilinin ictimai və siyasi həyatdakı mövqeyini gücləndirdi.

1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi müstəqil dövlətçiliyimizin mühüm hüquqi nailiyyətlərindən biri oldu. Bununla milli dilimizin statusu suveren dövlətin Əsas Qanunu səviyyəsində möhkəmləndirildi. Dövlət dili ölkənin rəsmi idarəçilik sistemində, təhsilində, mədəniyyətində və ictimai həyatında əsas ünsiyyət vasitəsi kimi müəyyən edildi.

Azərbaycan dilinin qorunması yalnız hüquqi müddəalarla məhdudlaşmır. Bu istiqamətdə dövlət proqramlarının həyata keçirilməsi, dilin saflığının qorunması, elmi və ədəbi dilin inkişafı, gənc nəslin ana dilinə bağlı ruhda yetişdirilməsi mühüm vəzifələrdəndir. Dilə hörmət milli mənsubiyyətə və dövlətçiliyə hörmətin ifadəsidir.

Bu gün Azərbaycan dili müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınan milli atributlarından biridir. Konstitusiyada onun dövlət dili kimi təsbit olunması Ulu Öndər Heydər Əliyevin milli irsə bağlılığının və dövlətçilik düşüncəsinin davamıdır. Ana dilimizin qorunması hər bir azərbaycanlının mənəvi borcudur.

Asif Bayramov,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button