GündəmAnalitika

Dövlət siyasətinin müasir modeli

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində İlham Əliyevə olan etimadını bu sözlərlə dilə gətirmişdi: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. İlham Əliyev siyasi meydandakı fəaliyyətilə həm Heydər Əliyevin, həm də Azərbaycan xalqının sabahına olan ümüdlərini doğrultdu. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir.

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar yeni mərhələyə qədəm qoydu və bu gün də bu mütərəqqi proses Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə davam etdirilir. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub. Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

İsmayılova Aytən,
Xəzər rayonu
, Z.Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button