
20 Sentyabr – Dövlət Suverenliyi Günü, ölkəmizin suverenliyinin tam bərpasını, dövlətçiliyimizin qorunmasını və milli qürurun yenidən yüksəlişini simvollaşdıran əlamətdar gündür. Bu bayram, yalnız rəsmi bir gündən ibarət deyil, həm də xalqın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı uzun və çətin mübarizənin məntiqi yekunudur.
2023-cü il 19–20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatçı ünsürlərinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı antiterror əməliyyatı həyata keçirildi. Sentyabrın 19‑da başlanan və 23 saat davam edən bu əməliyyatın məqsədi separatçıların qalıqlarının tərksilah edilməsi və həmin ərazilərdə Azərbaycanın konstitusiya quruluşunun bərpası idi. Əməliyyat 20 sentyabrda uğurla başa çatdı. Bu nəticə ilə Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün tapşırıqları yerinə yetirdi və ölkənin dövlət suverenliyi bu ərazilərdə yenidən təmin edildi.
Prezident İlham Əliyevin sərəncamı ilə hər il 20 sentyabr tarixi Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəyi təsis edildi. Bu günün əhəmiyyəti çoxşaxəlidir. 2020‑ci ildə Vətən müharibəsi nəticəsində 30 il davam etmiş işğal dönəmi sona çatdı, amma tam suverenlik yalnız 2023‑cü ilin antiterror əməliyyatı ilə mümkün oldu. Vətən müharibəsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasında həlledici rol oynamışdır. Bu müharibənin nəticələri olmadan 2023‑cü ilin antiterror əməliyyatı tam mənada mühüm olardı. Belə ki, Şuşa və digər strateji ərazilərin azad edilməsi Vətən müharibəsinin zəfərinin əsas hissəsidir. Bu zəfər, suverenliyin faktiki yaradılması və xarici işğala son qoyulması idi. Vətən müharibəsi sonrası əldə edilən beynəlxalq səviyyəli tanınma, müxtəlif dövlətlərlə diplomatik əlaqələrin güclənməsi, sərhədlərin beynəlxalq hüquq çərçivəsində möhkəmləndirilməsi suverenliyin formalaşması üçün əsas addımlar oldu.
Bu günün təsis edilməsinin mənəvi tərəfi odur ki, xalqın uzun illər çəkdiyi iztirablar, torpaq həsrəti, ayrılıq illəri yaddaşlarda qalacaq, amma bu acılarla yanaşı qəhrəmanlıq, birlik və ümid nümunəsi kimi gələcək nəsillərə ötürüləcəkdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycan üçün tarixin dönüm nöqtəsidir. Bu gün yalnız bir əməliyyatın ildönümü deyil, bu, xalqın suverenliyini tam şəkildə bərpa etməsi, dövlətin konstitusiya hakimiyyətinin ölkənin bütün ərazilərində tətbiqi, vətənpərvərlik ruhunun yüksəlişi və gələcəyə inamın əsas simvoludur.
Siyasət Həsənov
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının məsləhətçisi