Analitika

Dövlətimiz “yaşıl enerji” zonasını yaratmışdır

Ölkəmizi dünya miqyasında regionun lideri kimi tanıdan amillərdən biri də onun beynəlxalq tədbirlər üçün ideal məkana çevrilməsidir. Elə bu səbəbdən  belə tədbirləri yüksək səviyyədə həyata keçirən Bakının adı mühüm beynəlxalq siyasi, iqtisadi, dini, o cümlədən idman tədbirlərinin sinonimi kimi çəkilir. Gələn il ölkəmiz daha bir mötəbər tədbirə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək. Şübhəsiz, tarixdə ilk dəfə belə bir tədbirin Avropa İttifaqına üzv olan ölkədə deyil, Bakıda keçirilməsi  Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun növbəti göstəricisidir. On minlərlə insanın iştirakı ilə keçiriləcək və təmsilçilik səviyyəsinə görə BMT Baş Assambleyasına bərabər tutulan bu möhtəşəm tədbirin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsindən sonra Bakıda keçirilməsinin  xüsusu önəmi vardır.  Belə ki, üç il əvvəl döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan da ilk dəfə olaraq öz namizədliyini Azərbaycanın xeyrinə geri götürub.  Bu mənada COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin, Azərbaycan Prezidentinin növbəti tarixi uğurudur. COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir. COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur. Bununla Azərbaycan dövlət başçımızın timsalında beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.  Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri  dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button