AnalitikaGündəmSiyasət

Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub

Azərbaycanın inkişafında gənclərin rolu daim ön planda olub. 2 Fevral – Azərbaycan Gəncləri Günü də məhz bu əhəmiyyətin bir göstəricisidir. Bu günün qeyd olunması Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi dəyərin parlaq təzahürüdür. 1997-ci ildə məhz onun təşəbbüsü ilə bu əlamətdar gün təsis edilib. Ümummilli Liderin həyata keçirdiyi gənclər siyasəti bu gün də ölkənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.

Heydər Əliyev gəncləri ölkənin gələcəyi, milli dəyərlərin qoruyucusu kimi dəyərləndirirdi. Onun rəhbərliyi dövründə gənclərin təhsili, vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlət idarəçiliyində fəal iştirakı xüsusi diqqətdə saxlanılırdı. Ümummilli Liderin gənclərlə bağlı həyata keçirdiyi siyasət həm ölkədə, həm də beynəlxalq aləmdə böyük əhəmiyyət kəsb edirdi. 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi və burada Heydər Əliyev gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirdi. O, daim vurğulayırdı ki, savadlı, vətənpərvər və innovativ düşüncəli gənclər ölkənin inkişafına böyük töhfə verəcəklər.

Heydər Əliyevin gənclər siyasətinin əsas istiqamətlərindən biri onların keyfiyyətli təhsil almaları üçün geniş imkanlar yaradılması idi. Onun təşəbbüsü ilə gənclərin xaricdə təhsil alması, ölkəyə qayıdaraq burada öz biliklərini tətbiq etməsi istiqamətində ciddi addımlar atıldı. Bu siyasət sonralar Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” kimi mühüm layihələr həyata keçirildi.

Ulu Öndərin diqqət yetirdiyi digər vacib məqam gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması idi. O, hər zaman vurğulayırdı ki, gənclər ölkənin müstəqilliyini qorumaq üçün həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqlı olmalıdırlar. Bu məqsədlə müxtəlif dövlət proqramları həyata keçirildi, idman və hərbi hazırlıq sahəsində geniş islahatlar aparıldı.

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, müxtəlif sahələrdə uğurlar qazanır. Onlar beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edir, Azərbaycanın güclü dövlət kimi tanınmasında mühüm rol oynayırlar.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycan dövlətinin inkişaf strategiyasının ayrılmaz hissəsidir. Onun müəyyən etdiyi istiqamətlər bu gün də uğurla icra olunur və gənclərin hərtərəfli inkişafına xidmət edir. 2 Fevral – Azərbaycan Gəncləri Günü də bu siyasətin təntənəsinin bir göstəricisidir.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button