31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərindən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdikdən doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.
Ulu öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri hər birimizin yaddaşına qızıl hərflərlə həkk olunub: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Bu bayram dünyanın 70 – dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə çevrilib.
Bir zamanlar hər ili yola salarkən bir-birimizə doğma torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayırdıq. Artıq torpaqlarımız işğaldan azaddır və sakinlərimiz bu əlamətdar günü işğaldan azad edilmiş torpaqlarımızda qeyd edirlər.
Doğma Qarabağ işğaldan azad olundu qarşıda isə yeni mühüm vəzifələr durur: birliyimizi qorumaq, Qarabağı yenidən dünyanın ən abad, ən gözəl guşələrindən birinə çevirmək. Əminəm ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, birlik və həmrəyliyimizi qoruyaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcəyik. Hər birinizi yeni təqvim ili və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, gələn ilin daha xeyirli və uğurlu olmasını arzulayıram!
Günel Nəsibova,
YAP-ın gənc fəalı