AnalitikaGündəmSiyasət

Dünya Azərbaycanlılarının həmrəyliyi xalqımızın tarixi nailiyyətidir

Xalqımız müstəqillik arzusunu həqiqətə çevirmək üçün şərəfli, lakin çətin mübarizə yolu keçmişdir. Əlverişli geosiyasi mövqeyinə görə, daim böyük dövlətlərin hərbi və siyasi müdaxiləsinə məruz qalan Azərbaycan zaman-zaman qanlı müharibələr meydanına çevrilmişdir. Ancaq torpağı talan edilən odlar yurdunun övladları ruhdan düşməmiş, müstəqillik və suverenlik hüququ uğrunda mübarizə aparmışdır. Uzun müddət Vətəndə yaşayan azərbaycanlılar müxtəlif ölkələrdə yaşayan həmvətənliləri ilə görüşmək imkanından məhrum olmuşlar. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səyləri artırdı. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər. Dünya azərbaycanlılarının həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanla İranı və Türkiyəni ayıran mühəndis istehkamları və tikanlı məftillərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.  Qədim tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar hər il rəsmi olaraq bu günü bayram kimi qeyd edir.

Müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarını birləşdirən güc mərkəzidir. Həmrəylik Günü xalqın milli ruhunu yüksəldən, onun milli varlığını qoruyan və gələcəyə olan inamını artıran siyasi və mənəvi bir hadisədir. Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımızın güclü həmrəylik dalğası xalqımızın milli nicatı kimi Azərbaycan tarixinin parlayan və təkrarolunmaz şəxsiyyəti – Heydər Əliyev dühasının, zəngin siyasi fəaliyyətinin nəticəsi və birbaşa məntiqi davamıdır. İllərin qovşağında taleyin hökmü ilə ayrı-ayrı dövlətlərdə yaşamağa məhkum olmuş, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar bir kökdən, bir soydan olduqlarını bir daha yada saldılar, tarixlər aşıb gəlmiş bir xalqa mənsub olduğundan haqlı qürur duydular. 31 dekabr hər il millət bayramı-özünəqayıdış günü kimi böyük təntənə ilə yaşanılır. Bu gün müstəqil Azərbaycan dövləti kənarda yaşayan 50 milyondan artıq azərbaycanlının ümidgahıdır.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının l Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və həmrəylik rəmzinə çevrilmişdir. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Ümummilli Lider Heydər Əliyev fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini bu gün uğurla davam etdirir. Prezident İlham Əliyev xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlər keçirir, onların milli maraqlarını müdafiə edir və problemlərinin həlli üçün səylər göstərir. O, xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycanın əsas məqsədlərindən biri kimi dəyərləndirir. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Türkiyə, Özbəkistan, Polşa, Ukrayna, Belçika, Moldova, Gürcüstan, Almaniya, ABŞ, İngiltərə, Rumıniya və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının ll, 2011-ci ilin iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də isə lV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünyan azərbaycanlılarının  Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.

Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu birliyi Vətən müharibəsində bir daha gördük. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması, 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalqımız müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın azad ediləcəyinə əmin idi. Öz liderinin ətrafında dəmir yumruq tək birləşən xalqımız Ordumuza arxa-dayaq oldu. Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanın haqq mübarizəsini dəstəkləmək üçün səfərbər oldular. Xaricdə yaşayan soydaşlarımız keçirilən aksiyalar vasitəsilə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına töhfələr verdilər.  30 il işğal altında inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycan əsgərinin şücaətinə, bacarığına dünyanın hərbi mütəxəssisləri də heyran qaldı. İndi azad olunan torpaqlarımız yenidən qurulur, o yerlərə yenidən həyat qayıdır.

Hər dəfə Bakıda toplaşan dünya azərbaycanlıları 2022-ci ildə V qurultayı – Zəfər qurultayını Şuşada keçirdi. Prezident İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultay xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir”.

Prezident İlham Əliyev 2023-cü ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dedi: “2023-cü ilin aprel ayında biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları  yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda daha fəal rol oynayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, xalqımızın tarixini yeni nəsillərə ötürürlər.

Ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində əldə olunan uğurlar Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır. Bu nailiyyətlərin daha da artması üçün biz dünya azərbaycanlılarının birliyi və həmrəyliyini daim inkişaf etdirməliyik. Harada yaşamağımızdan asılı olmayaraq müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik. Dünya azərbaycanlılarının həmrəylik günü bundan sonra da azad suveren Azərbaycanda sevinc və şadlıqla keçiriləcəkdir.

Tağıyeva Aytən,
Xəzər rayonu 149 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button