AnalitikaGündəmİdman

Düşünülmüş dövlət yanaşması Azərbaycanı beynəlxalq idman arenasında etibarlı mövqeyə yüksəldib

Azərbaycanın beynəlxalq idman məkanında əldə etdiyi mövqelər təsadüfi xarakter daşımır, bu nəticələr uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin məntiqi davamıdır. Müstəqillik dövrünün müxtəlif mərhələlərində idman sahəsi cəmiyyətin sosial inkişafında mühüm amil kimi qiymətləndirilib və daim diqqət mərkəzində saxlanılıb. İdmanın planlı şəkildə inkişaf etdirilməsi əhalinin sağlamlığının qorunmasına, gənclərin fiziki və mənəvi hazırlığının yüksəldilməsinə, eyni zamanda ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edib. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra gənclər və idman sahəsində həyata keçirilən tədbirlər bu istiqamətdə keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sağlam düşüncəli, vətəninə bağlı və güclü iradəyə malik gənc nəslin formalaşdırılması dövlət strategiyasının prioritet istiqamətlərindən birinə çevrildi. Bu yanaşma idmanın yalnız nəticə və medallarla ölçülmədiyini, onun milli potensialın inkişafında mühüm rol oynadığını nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə idman siyasəti daha da genişləndirildi və müasir çağırışlara uyğunlaşdırıldı. Dövlət başçısının idmana olan şəxsi münasibəti, bu sahəyə göstərilən davamlı diqqət və yaradılan əlverişli şərait idmançıların hazırlıq səviyyəsinin yüksəlməsində həlledici rol oynadı. Bunun nəticəsi olaraq Azərbaycan idmançıları beynəlxalq arenalarda daha inamlı çıxış etməyə, ölkəmizi yüksək nəticələrlə təmsil etməyə başladılar.
Son illərdə ölkə üzrə yaradılan müasir idman infrastrukturu bu uğurların əsas dayaqlarından biridir. Təkcə paytaxtda deyil, regionlarda da inşa olunan Olimpiya İdman Kompleksləri və çoxprofilli idman obyektləri idmanın kütləviləşməsinə geniş imkanlar açıb. Bölgələrin bu prosesə aktiv şəkildə cəlb olunması gənclərin idmana marağını artırmaqla yanaşı, sosial bərabərliyin təmin edilməsinə də müsbət təsir göstərib.
Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ölkənin artan beynəlxalq etimadının və yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir. Bu cür tədbirlər təkcə idman sahəsində deyil, idarəetmə, təhlükəsizlik və logistika sahələrində də ölkənin potensialını nümayiş etdirir. Nəticədə Azərbaycan dünya idman xəritəsində mövqeyini daha da gücləndirir.
İdman sahəsində qazanılan nailiyyətlər cəmiyyətdə milli qürur hissinin formalaşmasına və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verir. Beynəlxalq arenalarda Azərbaycan bayrağını dalğalandıran idmançılar üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Fiziki hazırlıqla yanaşı, vətənpərvərlik ruhunun aşılanması Azərbaycan idmanının əsas dəyərlərindən biri kimi formalaşıb və bu yanaşma ölkənin davamlı inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button