AnalitikaGündəmSosial

“Əkinçi” qəzeti maarifçilik missiyası ilə milli mətbuatımızın əsasını qoydu.

Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan bu qəzet Azərbaycanın ilk milli mətbu orqanı kimi tarixə düşmüşdür. “Əkinçi”nin başlıca məqsədi xalqı maarifləndirmək, cəhalətə qarşı mübarizə aparmaq, elm və təhsilin vacibliyini təbliğ etmək idi.

Qəzet sadə və anlaşıqlı dildə yazılması ilə seçilirdi. Bu üslub geniş oxucu kütləsinin diqqətini cəlb etmiş və onu həm şəhər, həm də kənd əhalisi üçün əlçatan etmişdi. “Əkinçi” yalnız siyasi və ictimai mövzularla kifayətlənməyərək, kənd təsərrüfatı, səhiyyə, əkinçilik və gündəlik həyatla bağlı faydalı məlumatlar da verirdi. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalqı savadlanmağa, elmə yiyələnməyə, milli kimliyinə sahib çıxmağa çağırırdı. Məqalələrdə milli-mənəvi dəyərlərin qorunması, dilin saflığı, qadın hüquqları və sosial ədalət məsələləri də diqqət mərkəzində saxlanılırdı. Bu baxımdan “Əkinçi” həm maarifçi, həm də milli oyanışa təkan verən bir tribunaya çevrilmişdi.

Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının gələcək inkişafına möhkəm bünövrə yaratdı. Onun ideyaları sonrakı dövrlərdə çap olunan mətbu orqanlarda davam etdirildi və milli jurnalistikanın formalaşmasında əhəmiyyətli rol oynadı. Bu gün də “Əkinçi”nin irsi milli mətbuat tariximizin qızıl səhifəsi kimi dəyərləndirilir.

Faiq Xələfov
YAP Xəzər rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button