AnalitikaGündəmSiyasət

Ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir

“Dünya tarixi sübut edir ki, özünün siyasi, mədəni tarixinə və taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Lakin buna da sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Bu baxımdan tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, Azərbaycan xalqı müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Və nəticə odur ki, bu gün Azərbaycan Respublikası suveren və beynəlxalq səviyyədə tanınmış əraziləri ilə müstəqil yaşayan, inkişaf edən ölkədir”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, beynəlxalq hüququn normalarını, BMT nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxlamışdı: “Eyni zamanda azərbaycanlılara qarşı etnik təmizləmə aparmış, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran, ölkəmizin təbii resurslarını talan etmiş, tarixi, dini, mədəni abidələrini dağıtmış, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törətmişdi. Lakin bütün bunlar Azərbaycan xalqının əzmini qırmamış, əksinə 30 il sonra döyüş meydanında qisasını aldı. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına Azərbaycanın verdiyi cavab nəticəsində 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Tarixi Zəfərdən 3 il sonra Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradan Azərbaycan bir güllə belə atmadan növbəti tarixi nailiyyət əldə etdi və bununla da hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində ən ciddi addımlardan biri atıldı. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri ilə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi, qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi və hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu”.

“Antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edilib. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə müasir Azərbaycanın dövlətçilik tarixində olduqca əhəmiyyətli və xüsusi hadisə kimi yaddaşlara yazıldı. Beləliklə də, bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button