AnalitikaGündəm

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır.

Azərbaycanın ərazi etibarilə ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı.

44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi.Lakin Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi.Nəhayət Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. 27 ildən artıq davam edən işğal başa çatdı, Kəlbəcər azad edildi.

Bu gün Azərbaycan hökuməti azad olunmuş ərazilərdə sürətli bərpa işləri həyata keçirir. Artıq Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolu yenidən qurulmuşdur. Şuşa şəhərinə Füzulidən keçməklə yeni yol çəkilir. Ağdam və Kəlbəcər– Laçın istiqamətində də yolların bərpasına başlanılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdən biridir.

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. İşğal zamanı ermənilər məhz belə bir strateji üstünlük əldə etdikdən sonra çox keçmədi ki, qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdilər. Odur ki, Kəlbəcər kimi belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Cənab Prezident İlham Əliyev də öz çıxışlarında Kəlbəcərin strateji əhəmiyyəti haqqında danışarkən bildirmişdi ki, Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.

Hazırda Kəlbəcər rayonu günü-gündən abadlaşır, inkişaf edir. Biz bu qalibiyyəti başda İlham Əliyevin güclü siyasətinə,şəhidlərimizə,qazilərimizə və onların ailələrinə borcluyuq. Kəlbəcər bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır !

Turqay Qəribov,
Ramana bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button