
2020-ci ilin payızında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar ölkəmizin tarixində yeni səhifə açdı. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi Vətən müharibəsinin mühüm mərhələlərindən biri oldu. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə qazanılan bu qələbə Azərbaycan xalqının ərazi bütövlüyünü bərpa etmək əzmini nümayiş etdirdi.
Füzuli istiqamətində döyüşlər ağır hərbi şəraitdə aparılırdı. Düşmənin uzun illər ərzində qurduğu istehkamlar və müdafiə mövqeləri hücum əməliyyatlarını çətinləşdirirdi. Azərbaycan hərbçiləri bu maneələri böyük şücaət və peşəkarlıqla dəf etdilər. Füzulinin azad olunması cənub istiqamətində sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı.
Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev həm hərbi rəhbərlik, həm də diplomatik fəaliyyət baxımından fəal mövqe nümayiş etdirirdi. Dövlət başçısının beynəlxalq mediaya müsahibələri Azərbaycanın mövqeyinin izahına və informasiya müstəvisində ölkəmizin maraqlarının müdafiəsinə xidmət edirdi. Bu fəaliyyət hərbi uğurlarla yanaşı, siyasi qətiyyətin də əhəmiyyətini göstərirdi.
Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri


