
2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. 2020-ci il 17 oktyabr tarixində Füzuli rayonu işğaldan tam azad olunmuşdur.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1.39 min km2, əhalisi Rayonda 2 şəhər (Füzuli, Horadiz), 11 qəsəbə (yeni salınmış Qayıdış qəsəbələri), 82 kənd vardı. Kəndləri bunlardır – Alxanlı, Arayatlı, Babı, Mollaməhərrəmli, Aşağı Seyidəhmədli, Şükürbəyli, Araz Dilağarda, Şəkərcik, Şıxlı, Böyük Bəhmənli, Cuvarlı, Çimən, Xələfşə, Dədəli, İşıqlı, Qarğabazar, Yuxarı Yağlıvənd, Yuxarı Aybasanlı, Yal Pirəhmədli, kimi kəndləri var. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədər rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. idi. Rayonda Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardı. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.
Füzuli rayonu həm də yaşı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. Bu bölgənin tarixi çox qədimlərə gedib çıxır. Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar nəticəsində Füzulinin qədim yaşayış məskənlərindən biri olduğu təsdiqlənib. Şəhərdən 15 kilometr aralıda yerləşən Azıx mağarasında Azıxantrop adamının alt çənəsinin sümükləri tapılıb. Bu tapıntı Füzuli rayonu ərazisində qədim paleolit dövründə insan məskənlərinin mövcudluğunu təsdiqləyir. Azıx paleolit düşərgəsində aşkar olunan maddi-mədəniyyət nümunələri Parisin İnsan muzeyində “Avorpanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Hər iki abidə qədim dövrün mədəni abidələri kimi UNESCO-nun siyahısında yer alır.
Bundan başqa, Füzuli ərazisində tunc dövrünə aid Qaraköpəktəpə, Meynətəpə və digər tarixi abidələr də var. Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan Əhmədalılar, XIII-XIV əsrlərə aid Babı və Mirəli türbələri, Karvansaray, Hacı Ələkbər məscidi, “Məşədi Həbib” hamamı və digər tarixi abidələr erməni vandalizminin qurbanı olub. Ermənistanın işğalı nəticəsində dağıdılan abidələrimizin siyahısı bununla bitmir. Horadiz kəndində XIX əsrə aid məscid binası, İmamzadə türbəsi, Saracıq və Gorazıllı kəndlərindəki tarixi körpülər, XII əsr qəbiristanlığı və digər maddi-mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılıb.
Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 feldşer–mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub.
İşğaldan azad edildikdən sonra şəhərin yenidən qurulmasına başlanılmışdır. Yenidənqurma nəticəsində Füzuli şəhərinin inzibati ərazisinin 1.943 hektara, əhalisinin 50.000 nəfərə çatacağı nəzərdə tutulur. Şəhərin Baş Planında qeyd edilib ki, rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 31 iyul 2023-cü il tarixdə Sərəncam imzalayıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” həmin Sərəncama əsasən hər il oktyabrın 17-si “Füzuli şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Dövlətimizin başçısının gündəlik nəzarəti və qayğısı sayəsində Füzuli rayonunun da daxil olduğu Qarabağ gündən-günə cənnətə çevrilir.
Qarayev Şikar,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi