AnalitikaGündəmSiyasətSosial

Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır

“Laçın rayonu 1992-ci il mayın 18-də Şuşadan sonra Ermənistanın işğalına məruz qalmış ikinci rayon idi. Sirr deyil ki, Ermənistanın işğalı altına düşmüş Laçının ötən 30 il ərzində təbii resursları talan edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidələri vandalizmə məruz qalıb, dövlət və xüsusi mülkiyyətinə ciddi zərər yetirilib. Xüsusilə də, Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub”.

Bunu “Reportyorinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Laçının işğalı AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsi olub: “Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Heç şübhəsiz ki, Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdi və bu, daha böyük faciələrə yol açdı. Məhz bundan sonra Kəlbəcər işğal altına düşdü. Lakin 28 il sonra Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özü bərpa edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən isə 26 avqust tarixi Laçın şəhəri günü kimi müəyyən olundu. Onu da əlavə edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub”.

“Bu gün Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır”, – deyən R.Vəlibəyov əlavə edib ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunur, laçınlılar da öz doğma yurduna qayıdırlar: “Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Eyni zamanda, Laçın hava limanının inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Eləcə də Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Beləliklə də, laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib”.

Oxşar Xəbərlər

Back to top button