
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər, tarixi, iqtisadi və strateji əlaqələr əsasında inkişaf etməkdədir. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Bu dövrdə Gürcüstanda yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti yürüdülmüşdür. 1990-1992-ci illərdə Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə Gürcüstanda millətçi qüvvələr yerli azərbaycanlılara qarşı diskriminasiya siyasəti həyata keçirmiş, nəticədə həmin dövrdə 10 minlərlə azərbaycanlı öz tarixi-etnik torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.
1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi.
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlanıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.
Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “Trabzon razılaşması”nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.
Keçən müddətdə iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənəd imzalanıb. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Bu gün Azərbaycan və Gürcüstan arasındakı mehriban qonşuluq və tarixi dostluq münasibətləri regionun digər ölkələri üçün də nümunə təşkil etməkdədir. Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərin əyani təzahürüdür.
Bu M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəridir. M.Kavelaşvilinin ilk xarici səfərini sülhsevər, 30 il ərzində pozulmuş ərazi bütövlüyünü öz gücünə təmin edərək, nümunə göstərmiş Azərbaycana etməsi, dünyaya, ilk növbədə, Ermənistana sülh siqnalı olmalıdır. Yəni, vaxtdır, Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır!
Şahnaz Quliyeva,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin tarix müəllimi