Analitika

Heydər Əliyev dühası tarix boyu yaddaşlarda qalacaq

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri  müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır.

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində  daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun əməllərini, dövlətçilik ideyalarını və azərbaycançılıq nəzəriyyəsini təbiq edir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button