
Ana dili bir millətin kimliyini, tarixini və mədəni yaddaşını yaşadan ruhun daşıyıcısıdır. Xalqın özünü tanıması, milli birliyinin qorunması və gələcək nəsillərə ötürülməsi məhz ana dilinin yaşadılması ilə mümkündür. Azərbaycan xalqı bu mənada zəngin bir dil mirasına sahib olmaqla yanaşı, həmin dili qorumaq və inkişaf etdirmək üçün ardıcıl dövlət siyasətinə əsaslanan təcrübə qazanmışdır. Bu siyasətin formalaşmasında və tətbiqində isə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
1970-ci illərdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli-mənəvi dirçəlişi istiqamətində başlanan siyasi kurs ana dilinin də ictimai həyatda mövqeyini gücləndirdi. SSRİ dövründə Azərbaycan dilinin rəsmi status alması, xüsusən də 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi o dövr üçün cəsarətli və uzaqgörən bir addım idi. Beləliklə, ana dilimizin hüquqi müdafiəsi təmin olunaraq gələcək müstəqillik yolunda ideoloji təməl yaradıldı.
Müstəqillik qazandıqdan sonra isə bu xətt daha da dərinləşdirildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin dilə göstərdiyi yüksək ehtiramın davamı idi. Ulu Öndər ana dilini sadəcə ünsiyyət vasitəsi kimi deyil, milli dəyərlər sisteminin təməli kimi görürdü.
Bu yanaşma təkcə siyasi bəyanatlarla məhdudlaşmadı, praktiki tədbirlərlə də müşayiət olundu. Dövlət sənədləri, tədris proqramları, nəşrlər və televiziya məkanında Azərbaycan dilinin istifadəsi genişləndi. 2001-ci ilin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” sərəncamı, 2002-ci ildə qəbul edilən “Dövlət dili haqqında” Qanun və digər hüquqi sənədlər bu istiqamətdə atılan mühüm addımlar sırasında yer aldı.
Heydər Əliyevin bu sahədə qoyduğu siyasi irs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Latın qrafikalı əlifbaya tam keçid, klassik ədəbiyyatın yeni nəşrləri, dilin norma və qaydalarının qorunması ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də ali və orta təhsil müəssisələrində ana dilinə həsr olunmuş tədbirlərin təşviqi bu siyasətin davamlılığını təmin edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ana dilinin qorunması artıq yalnız ideoloji məsələ deyil, eyni zamanda milli təhlükəsizlik və strateji dövlətçilik məsələsidir. Bu gün Azərbaycan dilinin beynəlxalq arenada tanıdılması, diaspor fəaliyyəti çərçivəsində təşviqi və informasiya texnologiyaları sahəsində tətbiqi məsələləri də dil siyasətinin prioritet istiqamətləri sırasına daxildir.
Nəticə etibarilə, Azərbaycan dili minilliklərdən süzülərək gələn zəngin tarixin, ədəbi irsin və milli özünüdərkin simvoludur. Onun qorunması və inkişafı təkcə dövlətin deyil, cəmiyyətin hər bir üzvünün borcudur. Bu gün ana dilimizin dövlətin rəsmi atributu, ideoloji dayağı və milli birliyin simvoluna çevrilməsi Heydər Əliyev dühasının və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Nəzrin Bayramova
YAP Xəzər rayon təşkilatının məsləhətçisi