Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxışda Azərbaycanın idman sahəsində əldə etdiyi böyük uğurlardan xüsusilə bəhs edib. Ölkəmizin idmançıları 2024-cü il ərzində 1700-ə yaxın medal qazanaraq, Azərbaycanın beynəlxalq arenada öz gücünü bir daha göstərdiyini qeyd edib. Bu nəticələr idmanımızın sürətlə inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz mövqeyini möhkəmləndirdiyini sübut edir.
Azərbaycanın Olimpiya Oyunlarında 30-cu yeri tutaraq tarixindəki ən yüksək nəticəni əldə edib. Bu, Azərbaycan üçün böyük bir nailiyyət olmaqla yanaşı, müsəlman ölkələri arasında üçüncü sırada yer almaq da tarixi bir uğurdur. Bu göstəricilər həm də ölkəmizin güclü və davamlı inkişaf edən bir idman sisteminə sahib olduğunu ortaya qoyur. Heç şübhəsiz idmançılarımızın qazandıqları medalların arxasında yalnız fiziki bacarıq yox, həm də vətənpərvərlik və milli dəyərlər dayanır.
Azərbaycanda idmanın zəngin tarixi var. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində gənc idmançıların yaşayış səviyyəsi və təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırılmışdır. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi bacarıqlı təşkilatçının seçilməsi dövlətin idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşdirilməsi üçün geniş imkanlar açmışdır.
İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi