AnalitikaGündəmSiyasət

İki onillik qardaşlıq: Azərbaycan–Qazaxıstan müttəfiqliyinin 20 illik yolu

Bu il Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 ili tamam olur. 2005-ci ildə imzalanan bu sənəd iki ölkə arasında əlaqələrin yeni mərhələsini başlatdı və dostluğun möhkəm hüquqi bazasını formalaşdırdı. Müqavilə yalnız siyasi əlaqələri deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığı əhatə edərək, qarşılıqlı etimadın rəmzinə çevrildi. Bu sənədin qüvvəyə minməsi ilə iki qardaş ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı.
Son iyirmi ildə bu münasibətlər çoxşaxəli şəkildə inkişaf edib. Azərbaycan və Qazaxıstan arasında imzalanan onlarla saziş iqtisadi əməkdaşlığın həcmini genişləndirib, enerji, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahələrində yeni layihələrə yol açıb. Xəzər dənizi üzərindən keçən nəqliyyat dəhlizləri və enerji marşrutları bu əməkdaşlığın praktiki nəticəsidir. Hər iki ölkə Türk dünyasının inkişafı və inteqrasiyası istiqamətində də ortaq mövqe sərgiləyir.
Siyasi müstəvidə isə bu münasibətlər etibarlı dostluq və qarşılıqlı dəstək prinsipləri üzərində qurulub. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə əlaqələr yeni məzmun qazanıb, regionda sabitliyin və tərəfdaşlığın əsas dayağına çevrilib. İki ölkə beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyir, ümumi maraqları qorumaqda ortaq mövqe nümayiş etdirir.
Bu gün Azərbaycan–Qazaxıstan münasibətləri 20 illik strateji təməl üzərində daha güclü və perspektivli şəkildə inkişaf edir. Müqavilənin ildönümü yalnız keçmiş uğurları deyil, gələcək nəsillər üçün qurulmuş etibarlı dostluq modelini də simvolizə edir.

YAP Xəzər rayon təşkilatının fəalı
Nigar Cəlalova

Oxşar Xəbərlər

Back to top button