Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın beynəlxalq olimpiya hərəkatında müstəqil və daha yaxından iştirakı üçün geniş imkanlar yarandı. Həmin dövrdə Milli Olimpiya Komitəsi qarşısında dayanan ümdə vəzifələrin həyata keçirilməsi üçün özünü kənarda qoymamalı, aparıcı rol oynamalı idi. Lakin 1997-ci ilədək bu istiqamətdə qeyd olunmalı işlər olduqca az idi və demək olar ki, nəzərə çarpmırdı. Həmin dövr üçün qeyd olunmalı ən mühüm hadisə yalnız 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə olimpiya oyunlarına qatılması idi. Atlanta Olimpiya Oyunlarına hazırlıq işlərinin həyata keçirilməsinə də yalnız dövlət strukturları cəlb olunmuşdu. 1996-cı ildə Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, yetərli deyildi. Azərbaycan idmansevərləri və idmançıları olimpiya oyunlarında təkcə iştirak etməklə qane olmaq istəmirdilər. Hamı başa düşürdü ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmasında MOK daha çox işlər görə bilər və görməlidir. Ona görə də Azərbaycanda idman və olimpiya hərəkatı sahəsində MOK-un fəaliyyətində əsaslı dönüş yaratmaq tələb olunurdu. 17 il əvvəl Azərbaycanda olimpiya hərəkatı yeni mərhələyə qədəm qoydu MOK-un 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisində bütün bu məsələlər ciddi müzakirə olundu. Məlum oldu ki, istedadlı idmançılarımız, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmişdir, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. O da məlum oldu ki, MOK-un nəinki beynəlxalq idman qurumları, hətta ölkənin idman təşkilatları ilə əlaqələri yoxdur.Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK-un İcraiyyə Komtəsinin yeni tərkibini seçdi. Yekdil səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi.
Elə ilk günlər göstərdi ki, bu seçimdə MOK səhv etməyib. MOK-un və idmanımızın bu məsələdə daha çox qazandığı tezliklə aydın oldu. Gözlənildiyi kimi, yeni prezident fəaliyyətə coşqun enerji və işə bələdliklə, mövcud durumu maksimum düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yol və vasitələrini dəqiq müəyyənləşdirib dərhal hərəkətə keçməyə başladı. İdmançılarla, idman mütəxəssisləri ilə ardıcıl, kollektiv və fərdi görüşüb, söhbətləşib, fikir mübadiləsi apardı. Həm də ilk görüşdəki çıxışındaca ortaya əməli plan və proqram qoydu. Beləliklə, 1997-ci ildə cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə respublikamızda olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsası qoyuldu. İlk növbədə Azərbaycan olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Azərbaycanın olimpiya oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq əlaqələrin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsində nüfuzlu bir təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını inkişaf etdirmək, beynəlxalq yarışların keçirilməsinin Azərbaycana salınmasına nail olmaq, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin əsas istiqamətləri oldu.
Cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə qlobal işlər görüldü. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” qanun qəbul etdi. Bu qanun idmanın inkişaf etdirilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi. Ölkədə idmanın ardıcıl, daimi inkişafı bilavasitə uşaqların və yeniyetmələrin idmana cəlb olunmasından asılıdır. Bir qədər əvvəl deyildiyi kimi, bu məsələ hələ 1997-ci ildə MOK-un fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olundu. Lakin təkcə uşaqları idmana cəlb etmək, idmanı təbliğ etmək azdır. Əvvəlcə idmanla məşğul olmaq üçün lazımi şərait yaratmaq, həmin şəraitdən bəhrələnib idmana gəlmiş uşaqların və yeniyetmələrin yarışlarda özlərini sınamasını təmin etmək lazımdır. Məhz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında bu məsələ 1997-ci ildə ön plana çəkildi. Respublikada yeniyetmələr və uşaqlar arasında idmanın inkişaf etdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Yeniyetmələr arasında idmanın inkişafı və təbliği istiqamətində MOK-un irəli atdığı ilk addım iki ildən bir Yeniyetmələrin Respublika Oyunlarının təşkili və keçirilməsi oldusa, sonra bu işlər çoxplanlı şəkil aldı. Olimpiya ideyalarının ən böyük təbliğ aparatı olan bu yarışlar tezliklə yeni perspektivlərin üzə çıxmasında, ölkə idmanının kütləviliyinin təşkilində əhəmiyyətli rol oynadı. Azərbaycanın yeniyetmə idmançılarının müxtəlif beynəlxalq yarışlara göndərilməsi, onların Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin himayəsi altında keçirilən böyük idman tədbirlərində iştirakı təmin olundu. Eyni zamanda, Azərbaycanda yeniyetmələr arasında qitə və dünya miqyaslı yarışların təşkili və keçirilməsi sahəsində işlər həyata keçirildi. Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.
Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Sidney zəfəri bunu əyani təsdiq etdi. İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi üç il sonra – 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən yay olimpiya oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. Beləliklə, cənab İlham Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə – Sidney Yay Olimpiya Oyunlarında öz parlaq təcəssümünü tapdı. Növbəti illərdə qarşıya qoyulan məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlar səfərbər edildi. Aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Afina və Pekin olimpiya oyunlarına daha yüksək səviyyədə hazırlığını təmin etdi, qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanı yaratdı. Pekindən zəfərlə dönən Azərbaycan komandasının London Olimpiya Oyunlarında daha böyük uğura imza atacağı gözlənilən idi. London Olimpiya Oyunları Azərbaycan üçün yalnız idmançılarımızın sayının artması ilə yadda qalmadı. Bu olimpiada Azərbaycan üçün daha çox ona görə yaddaqalan və əlamətdar oldu ki, olimpiya komandamız indiyədək qatıldığı olimpiya oyunları içərisində ən böyük uğuruna imza atdı. Azərbaycan idmançıları rekord sayda – 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərarlaşan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdədir.
Azərbaycan olimpiyaçıları nailiyyətləri ilə Türkiyə, Belçika, Argentina, Portuqaliya, Kanada, Yunanıstan, Tailand, Bolqarıstan, İsveç, Norveç, Hindistan, İndoneziya, Serbiya kimi dövlətləri geridə qoydular. Medal əyarında da göstərici rekorddur. İdmançılarımız 14 il əvvəl – Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medal qazanmaqla ilk rekorda imza atmışdılar. O vaxt Namiq Abdullayev və Zemfira Meftahəddinova qızıl, Vüqar Ələkbərov bürünc medal qazanmışdılar. Londonda isə 2 qızıl və 2 gümüş medalla yeni rekord vuruldu. Bu dəfə Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibləri oldular. Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu.
London Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə Prezident İlham Əliyev dedi: “Azərbaycan, sözün əsl mənasında, idman dövlətidir. London Yay Olimpiya Oyunları bunu bir daha təsdiqlədi, bir daha sübut etdi. Azərbaycan olimpiya oyunlarında ən böyük uğuru London Olimpiya Oyunlarında qazanmışdır. Bu olimpiya oyunlarında 200-dən çox ölkə iştirak edirdi. Azərbaycan bu yarışda 30-cu yeri tuta bilmişdir. Medalların sayına görə 24-cü yerdəyik. Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yerdəyik. Azərbaycan idmançıları 10 medal qazanmışlar – ikisi qızıl, ikisi gümüş, altısı bürünc medaldır. Bu, doğrudan da, böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Bu qələbə gözlənilən idi. Biz idmançıları Londona yola salarkən onlardan böyük ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin əsası var idi. Çünki biz artıq neçə ildir ki, bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə müstəqil dövlət kimi Atlantada bir medal, ondan sonra Sidneydə üç, Afinada beş, Pekində yeddi və nəhayət, Londonda on medal qazanmışıq”.
2012-ci ilin sonlarına doğru Azərbaycan idmansevərləri və bütövlükdə ölkə ictimaiyyəti üçün növbəti xoş idman xəbəri Avropadan gəldi. Azərbaycanda idmanın inkişafının, ölkəmizin beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələrin nəticəsi olaraq həmin il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi.
2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən birinci Avropa Oyunları tarixdə ilk dəfə təşkil edilən idman yarışları idi. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparırdı. Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunan ilk Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. İdmançılar 253 dəst medal uğrunda yarışırdılar. Yarışların medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutdular. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sırada isə Azərbaycan idmançıları qərarlaşdılar. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazandı. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib oldu. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazanaraq, I Avropa Oyunlarını 47 medalla başa vurdular.
Ölkəmizin növbəti idman uğurları IV İslam Həmrəyliyi Oyunlarında oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman yarışının layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul edilmişdi. Bu qərar qəbul olunarkən Azərbaycan müsəlman dünyasında yeri və mövqeyi, beynəlxalq tədbirlər keçirmək sarıdan potensialı, təcrübəsi, həmçinin ölkəmizdəki sabitlik nəzərə alınmışdı. 2015-ci il sentyabrın 18-də isə Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi tərəfindən Oyunlarla bağlı geniş hazırlıq işləri görüldü. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Ölkəmizi bu Oyunlarda 425 atlet təmsil etdi. Qaliblərə, ümumilikdə 1600 medal təqdim edildi.
Fəxrlə qeyd etməliyik ki, “Bakı-2017” də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci oldu. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı. Bütün bunlar Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi qayğının nəticəsidir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ili ölkəmizdə “İdman ili” elan etmişdi. Dövlət başçısının həmin qayğısını cavabsız qoymayan idmançılarımız 2012-ci ildə çox böyük uğurlara imza atmışdılar. Hesabatlarda göstərilir ki, 2012-ci il ölkənin idman həyatı üçün kifayət qədər uğurlu olmuşdur. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, həmin il Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq turnirlərdə rekord sayda – 700-dən çox medal qazanmışlar. Əsasən Olimpiya idman növləri üzrə qazanılmış bu medalların 255-i qızıl əyarlıdır. Bununla idmançılarımız Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “İdman ili”nə layiqli töhfə vermişlər.
Qasımov Ayməddin,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi