AnalitikaGündəmSiyasət

İlham Əliyevin ictimai çıxışı Azərbaycan Respublikasının sabitliyini, inkişafını, beynəlxalq nüfuzunu fikir müstəvisində təhlil edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Bu müsahibə həm ölkə daxilində gedən proseslər, həm də regional və beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi baxımından geniş maraq doğurdu. Prezidentin çıxışı dövlət siyasətinin əsas istiqamətlərini, görülən işlərin məntiqini və gələcək planları aydın şəkildə cəmiyyətə çatdırmaq məqsədi daşıyırdı. Müsahibə zamanı səsləndirilən fikirlər təkcə cari vəziyyətin şərhi deyil, eyni zamanda strateji baxışın ifadəsi kimi diqqət çəkdi. Müsahibə açıq, sistemli və ardıcıl məzmunu ilə seçilirdi. Dövlət başçısı suallara konkret faktlar və arqumentlərlə cavab verdi, emosional yanaşmadan daha çox rasional və analitik mövqe nümayiş etdirdi. Bu, Prezidentin idarəçilik üslubunun əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirilə bilər. Müsahibə boyunca Prezident dövlət maraqlarının qorunmasını əsas prinsip kimi önə çəkərək bu istiqamətdə görülən tədbirlərin mühüm siyasi xəttə xidmət etdiyini göstərdi. Son illərdə aparılan ardıcıl aparılan islahatlara diqqət mərkəzində idi. Prezident İlham Əliyev həyata keçirilən sosial-iqtisadi islahatların məqsədlərini və nəticələrini ətraflı izah etdi. Xüsusilə sosial rifahın yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması, infrastruktur layihələrinin icrası və regionların inkişafı məsələləri ön plana çəkildi. İqtisadi islahatların əsas hədəfi dayanıqlı inkişafın təmin edilməsidir. Neft və qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı və sənaye parklarının yaradılması dövlət siyasətinin prioritet istiqamətləri kimi təqdim olundu. Bu kontekstdə məşğulluğun artırılması və yeni iş yerlərinin açılması xüsusi qeyd edildi.

​Sosial siyasətin dövlət üçün prioritet olduğunu bir daha vurğulandı. Pensiya və sosial müavinətlərin artırılması, aztəminatlı ailələrə göstərilən dəstək, şəhid ailələri və müharibə veteranlarına qayğı məsələləri geniş şəkildə şərh olundu. Dövlət başçısı bildirdi ki, sosial ədalətin təmin edilməsi və vətəndaşların dövlətə olan inamının möhkəmləndirilməsi əsas məqsədlərdən biridir. Müsahibə zamanı təhsil sahəsində aparılan islahatlara da toxunuldu. Prezident İlham Əliyev təhsilin keyfiyyətinin artırılmasının ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd etdi. Yeni məktəblərin tikintisi, mövcud təhsil müəssisələrinin modernləşdirilməsi və müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırıldı.

Cəmiyyətin gələcəyinin təminatçısı olan gənclərin daha prespektivli inkişaf etməsini təmin etməyin dövlətin əsas qayələrindən biri olması vurğulandı.  Gənclərin dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təşviq edildiyi bildirildi. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların bilik və bacarıqlarının inkişafı dövlət siyasətinin əsas komponentlərindən biri kimi təqdim edilir.

Müsahibənin əsas mövzularından biri də Qarabağ idi. Dövlət başçısı postmüharibə dövründə həyata keçirilən bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verdi. Azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması, yolların, hava limanlarının, yaşayış məntəqələrinin salınması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı məsələləri əsas müzakirə mövzuları oldu. Müharibə qalibiyyəti təmin etsə də, işğaldan azad edilmiş torpaqlarda yaşamın yenidən bərpa edilməsi xüsusi diqqət tələb edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan işlər planlı və mərhələli şəkildə həyata keçirilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri bu bölgələrin müasir inkişaf modelinə çevrilməsi məqsədi daşıyır. Eyni zamanda həmin rayonlar arasında əlaqələrin təmin edilməsi vacib və əhəmiyyətli addım kimi qiymətləndirildi.

Müasir dövrdə tez-tez dəyişən dövlətlər arası beynəlxalq tarazlığın nəbzini tutmağın nə qədər vacib olması da xüsusi qeyd edilib. Bu səbəbdən Azərbaycanın xarici siyasət kursu da geniş şəkildə şərh edildi. Prezident İlham Əliyev Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət apardığını qeyd etdi. Regional əməkdaşlıq, beynəlxalq təşkilatlarla münasibətlər və strateji tərəfdaşlıqlar məsələləri diqqət mərkəzində oldu. Dövlət başçısı Azərbaycanın regionda sülh və sabitliyin tərəfdarı olduğunu vurğuladı. Qonşu ölkələrlə münasibətlərin qarşılıqlı hörmət və maraqlar əsasında qurulduğu bildirildi. Enerji layihələri, nəqliyyat dəhlizləri və regional inteqrasiya məsələləri Azərbaycanın geosiyasi əhəmiyyətini artıran amillər kimi təqdim olundu. Dünya siyasi kursunun dəyişkənliyinə ayaq uydurmaq, baş verə biləcək dəyişikliklərdən Azərbaycanın maraqlarını qorumaq, mühafizə etmək əsas məqsədimizdir. Bu səbəbdəndir ki, bu gün atılan bütün siyasi addımlar sağlam, firavan, təhlükəsiz gələcəyə planlanıb. Yalnız bugünün deyil, gələcəyin də təhlükəsizliyini təmin edən siyasi xətlə davam etməliyik. Nəzərə alaq ki, regiona sülhü biz gətiririk. Uzun illər beynəlxalq  hüquq sistemi bunun qarşısında aciz qalmışdı.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verməsi dövlət başçısının media və cəmiyyətlə açıq dialoqa verdiyi önəmin göstəricisidir. Bu cür müsahibələr ictimaiyyətin məlumatlandırılması, yanlış təsəvvürlərin aradan qaldırılması və dövlət siyasətinin izahı baxımından mühüm rol oynayır. Dövlət başçısı mediadan məsuliyyətli və obyektiv yanaşma gözlədiyini bildirdi. Media azadlığının əhəmiyyəti ilə yanaşı, milli maraqların qorunmasının vacibliyi də vurğulandı. Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini əhatə edən geniş və məzmunlu çıxış kimi dəyərləndirilə bilər. Müsahibə dövlət başçısının strateji baxışını, siyasi iradəsini və ölkənin gələcək inkişafına dair aydın təsəvvürünü nümayiş etdirdi. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədlərə ardıcıl və sistemli şəkildə nail olmağa çalışır. Prezident İlham Əliyevin fikirləri ölkənin sabitliyi, inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan addımların məntiqini aydın şəkildə ortaya qoyur.

Gülər İsmayılova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button