AnalitikaGündəmİqtisadiyyat

İlk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir

2 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu çıxış etdi. Bu çıxış Azərbaycanın enerji siyasətində strateji hədəflərini bir daha aydın göstərdi, ölkənin regional və qlobal enerji bazarlarında artan rolunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətləri xatırlatmaqla yanaşı, bu sahədə gələcək hədəflər barədə də ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan son 30 ildə enerji sektorunda əsaslı islahatlar aparmaqla regionun aparıcı enerji təchizatçılarından birinə çevrilmişdir. Xüsusilə neft və qaz layihələrinin uğurlu reallaşdırılması, o cümlədən “Əsrin müqaviləsi”, “Şahdəniz”, TANAP və TAP kimi beynəlxalq layihələr Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır.
1994-cü ildə keçirilmiş ilk Xəzər Neft və Qaz sərgisi — “Caspian Oil & Gas” — Azərbaycanın enerji diplomatiyasında dönüş nöqtəsi oldu. Həmin il sentyabr ayında imzalanan “Əsrin Müqaviləsi” bu sərginin siyasi və iqtisadi əhəmiyyətini daha da artırdı. Müxtəlif beynəlxalq neft şirkətlərinin, o cümlədən BP, Statoil, Amoco və digər nəhənglərin sərgidə iştirakı Azərbaycanın enerji resurslarına inamı və beynəlxalq sərmayənin cəlbini sürətləndirdi. Hər il keçirilən bu sərgi bir tərəfdən Azərbaycanın neft və qaz sektorundakı imkanlarını tanıtmaq, digər tərəfdən isə yeni tərəfdaşlıqlar qurmaq üçün qlobal platformaya çevrildi. Bu dövrdə Azərbaycan artıq neft ixrac edən ölkəyə çevrilmişdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin istismara verilməsi ilə Xəzərin enerji resursları dünya bazarına çıxarılırdı. Sərgi və forumlarda əsas diqqət bu layihələrin strateji əhəmiyyətinə və Avropa enerji təhlükəsizliyində Azərbaycanın artan roluna yönəlmişdi. Bu illərdə sərgiyə artan maraq onun beynəlxalq nüfuzunun göstəricisi idi. Tədbirdə 30-dan çox ölkədən şirkətlərin, nazirlərin və beynəlxalq təşkilatların iştirakı, Azərbaycanın enerji diplomatiyasının uğurlarını əyani şəkildə göstərirdi.
Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın “yaşıl enerji” istiqamətindəki təşəbbüsləri oldu. O qeyd etdi ki, enerji təhlükəsizliyinin yalnız fosil yanacaqlar əsasında qurulması artıq yetərli deyil. Bu baxımdan, ölkəmizin bərpaolunan enerji sahəsində atdığı addımlar strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi boyunca “yaşıl enerji zonası”nın yaradılması, Qarabağ və Şərqi Zəngəzurun alternativ enerji mənbələri ilə təmin olunması, həmçinin Xəzər dənizində külək enerjisi layihələrinin icrası bu istiqamətdə atılan əsas addımlar sırasındadır.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılışındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji sektorunda həm ənənəvi, həm də alternativ istiqamətlərdə balanslaşdırılmış və strateji yanaşma sərgiləyir. Enerji resurslarının idarə olunması sahəsində regional liderlik və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Bu çıxış eyni zamanda gələcəkdə ölkənin enerji strategiyasının əsas konturlarını cızaraq, dövlətin bu sahədəki aydın vizionunu ortaya qoydu.

Siyasət Həsənov
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button