AnalitikaGündəmSiyasət

İndi aydındır ki, təhlükəsizlik və sabitlik hər bir ölkə üçün əsas prioritetdir. Müdafiə məsələləri dövlətlərin gündəliyində birinci yerdə olmalıdır

Martın 12-də Bakıda Prezident İlham Əliyevin himayəsi ilə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı əsasında keçirilən XIII Qlobal Bakı Forumu öz işinə başladı. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan bu mötəbər tədbir Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu bir daha nümayiş etdirdi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə diqqət çəkərək qlobal səviyyədə təhlükəsizlik və sabitlik məsələlərinin daha da aktuallaşdığını vurğuladı.Prezident qeyd etdi ki, hazırkı dövrdə artan geosiyasi gərginliklər, yeni risklər və münaqişələr beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan çoxtərəfli diplomatiya və qarşılıqlı etimada əsaslanan münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Müasir dünyada təhlükəsizlik məsələlərinin ön plana çıxması bütün dövlətlər üçün ortaq çağırışdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sabitlik və təhlükəsizlik olmadan iqtisadi və sosial inkişafdan danışmaq mümkün deyil. Uzun illər ərzində inkişaf yolunda böyük nailiyyətlər əldə etmiş ölkələr belə bu gün yeni risklərlə qarşılaşırlar. Buna görə də dövlətlərin bu sahədə birgə fəaliyyət göstərməsi vacibdir.

Azərbaycanın təcrübəsi bu baxımdan xüsusi diqqət çəkir. Ölkəmiz uzun illər davam edən işğala son qoyaraq beynəlxalq hüquqa əsaslanan mövqeyini bərpa etdi və ərazi bütövlüyünü təmin etdi. Bununla yanaşı, Azərbaycan münaqişədən sonra regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atır. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan proseslər də bu siyasətin tərkib hissəsidir. Mövcud vəziyyət göstərir ki, beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşma və güclü siyasi iradə nəticəsində uzun müddət həll olunmamış münaqişələr belə aradan qaldırıla bilər. Azərbaycan bu istiqamətdə praktiki təcrübə ortaya qoyaraq beynəlxalq ictimaiyyət üçün yeni bir model təqdim edir.

Postmünaqişə mərhələsində Azərbaycanın həyata keçirdiyi siyasət yalnız regional sabitliyə deyil, həm də qarşılıqlı etimadın bərpasına xidmət edir. Bu proses çərçivəsində kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanlarının artırılması əsas hədəflərdən biridir. Nəticə etibarilə, XIII Qlobal Bakı Forumu beynəlxalq səviyyədə aktual problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Burada səsləndirilən fikirlər və irəli sürülən təşəbbüslər qlobal əməkdaşlığın gücləndirilməsinə, siyasi dialoqun inkişafına və müasir dünyada mövcud çağırışların həllinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri isə beynəlxalq münasibətlərdə konstruktiv yanaşmanın və sülhə əsaslanan siyasətin əhəmiyyətini bir daha nümayiş etdirir.

YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Siyasət Həsənov

Oxşar Xəbərlər

Back to top button