Analitika

İnfrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

Ölkəmizdə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf yüksələn xətlə davam edir.
Azərbaycanda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil kimi diqqət çəkir. Dünya təcrübəsi göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi ölkələrdə mümkündür. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Son illər ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Dövlət başçısının bölgələrimizə mütamadi səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyev  cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən, suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir.  Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

Dövlət başçısının qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir. 
Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında yenidən qurulacaq Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.  İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq.
Qarabağ və Şərqi Zəngəzurda böyük suvarma layihələrinin reallaşdırılması nəzərdə tutulur

Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin  bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə  həm taxılçılıq, həm də  meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik. Ölkəmizdə dəqiq hədəflərə hesablanmış iqtisadi inkişafın uğurla davam etdirilməsi onu deməyə əsas verir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə  böyük kömək göstərəcək.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button