AnalitikaGündəmSiyasət

İnvestisiya imkanları və Azərbaycanın yeni iqtisadi hədəfləri

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq investisiya məkanında mövqeyinin və ölkənin gələcək iqtisadi inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platformaya çevrildi. Sentyabrın 26-da Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyevin iştirakı və investorların suallarını cavablandırması Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajların səsləndirilməsi ilə yadda qaldı.

Forumun “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu isə Azərbaycanın regional iqtisadi proseslərdə artan roluna diqqəti yönəltdi.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişafının əsas istiqamətləri müəyyənləşdirildi. Dövlət başçısı son 20 il ərzində ölkəyə 350 milyard ABŞ dollarından çox investisiya cəlb edildiyini, bunun təxminən yarısının birbaşa xarici investisiyalar olduğunu bildirdi. Bu göstəricilər Azərbaycanın investisiya mühitinin formalaşmasında uzunmüddətli və ardıcıl siyasətin əhəmiyyətini nümayiş etdirir.

Gələcək inkişafın əsas istiqamətləri sırasında bərpaolunan enerji, nəqliyyat və logistika, mədən sənayesi, rəqəmsal infrastruktur və süni intellekt xüsusi yer tutur. Xüsusilə Xəzərin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının mövcudluğu ölkənin həm daxili enerji tələbatının təmin edilməsində, həm də gələcəkdə elektrik enerjisinin ixracında yeni imkanlar yaradır. Paralel olaraq, data mərkəzlərinin yaradılması və rəqəmsal texnologiyaların inkişafı Azərbaycanın yeni iqtisadi sahələrə inteqrasiyasını sürətləndirə bilər.

Azərbaycanın coğrafi mövqeyi də investisiya imkanlarının genişlənməsində mühüm amildir. Ölkədə dəmir yollarına, limanlara, avtomobil yollarına və hava yükdaşımalarına yatırılan investisiyalar Azərbaycanın tranzit imkanlarını artırıb. Prezidentin qeyd etdiyi kimi, qonşu ölkələrlə sabit və proqnozlaşdırılan münasibətlər də regional bağlantıların inkişafında mühüm rol oynayır.

Forum çərçivəsində imzalanan sənədlər Azərbaycanın enerji sektorunda yeni layihələrin reallaşdırılması baxımından da diqqət çəkir. SOCAR, “TotalEnergies” və XRG arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının imzalanması enerji sahəsində beynəlxalq tərəfdaşlığın davam etdiyini göstərir. Ümumilikdə forum çərçivəsində 10,8 milyard dollar dəyərində layihələri əhatə edən 23 sənədin imzalanması iqtisadi əməkdaşlığın konkret layihələrlə möhkəmləndiyini nümayiş etdirir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu nəticə etibarilə ölkənin yalnız mövcud iqtisadi potensialını təqdim edən deyil, gələcək inkişaf istiqamətlərini də beynəlxalq investorların diqqətinə çatdıran mühüm platforma oldu. Azərbaycanın məqsədi enerji resurslarından əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltmək, qeyri-neft sektorunda yeni dəyər zəncirləri yaratmaq və texnologiya əsaslı iqtisadiyyatı genişləndirməkdir. Bu yanaşma investisiyaların həcmi ilə yanaşı, onların ölkənin uzunmüddətli inkişafına təsirini də ön plana çıxarır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button