
İtaliya ilə Azərbaycan arasında münasibətlər bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır. Hər iki ölkə bir-birini etibarlı tərəfdaş kimi qəbul edir və bu əməkdaşlıq artıq strateji xarakter daşıyır. Azərbaycan və İtaliya arasında iki mühüm strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu sənədlərdən ilki 2015-ci ildə, ikincisi – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə beş il öncə imzalanaraq qarşılıqlı münasibətlərin möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub.
Son illərdə iki ölkə arasındakı əlaqələr dinamik şəkildə genişlənib və müxtəlif istiqamətlər üzrə dərinləşib. Siyasi münasibətlər ən yüksək səviyyədə qurulub, dövlət başçıları arasında mütəmadi görüşlər qarşılıqlı etimad və səmimi əməkdaşlıq mühitini daha da gücləndirib.
İqtisadi əməkdaşlıq sahəsində İtaliya bu gün Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. İllər ərzində ticarət dövriyyəsi sabit şəkildə artaraq, qarşılıqlı iqtisadi maraqların möhkəmlənməsinə şərait yaradıb. Bu əməkdaşlığın əsas sütunlarından biri enerji sektorudur. Azərbaycan neft və qazının İtaliyaya ixracı sayəsində ölkəmiz təkcə öz iqtisadi potensialını artırmayıb, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə də əhəmiyyətli töhfə verib.
Xüsusilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin 2020-ci ildən etibarən istifadəyə verilməsi ilə Azərbaycan qazı birbaşa İtaliyaya və oradan da Avropanın digər bölgələrinə çatdırılmağa başlanıb. Bu, həm enerji marşrutlarının şaxələndirilməsi, həm də Avropanın təchizat sabitliyinin təmin olunması baxımından mühüm strateji addımdır.
Enerji sahəsi ilə yanaşı, elm, təhsil və mədəniyyət istiqamətində də əməkdaşlıq getdikcə dərinləşir. Yeni yaradılan İtaliya-Azərbaycan Universiteti iki xalq arasında elmi bilik mübadiləsinin, mədəni inteqrasiyanın və gənclər arasında dostluq əlaqələrinin inkişafında xüsusi rol oynayacaq.
Bu gün həm ikitərəfli, həm də Azərbaycan–Avropa İttifaqı münasibətləri kontekstində İtaliya mühüm körpü rolunu oynayır. Avropa İttifaqı ilə əməkdaşlıqda da müsbət meyillər müşahidə olunur və bu, Azərbaycanın Avropa ilə strateji əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Beləliklə, İtaliya-Azərbaycan münasibətləri artıq yalnız enerji və iqtisadi maraqlarla məhdudlaşmır. Bu əlaqələr qarşılıqlı hörmət, ortaq dəyərlər və gələcəyə yönəlik strateji baxış üzərində qurulmuş çoxşaxəli tərəfdaşlığa çevrilib. Gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşməsi və yeni sahələrə genişlənməsi istisna deyil.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Nəzrin Bayramova