AnalitikaGündəmSiyasət

“Kazinform” müsahibəsi: Azərbaycan diplomatiyasının praqmatik və uzaqgörən yanaşması

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olmasının və qarşılıqlı etimada əsaslanan qardaşlıq münasibətlərinin bariz göstəricisidir. Dövlət başçısı müsahibə zamanı iki ölkə arasındakı siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın cari vəziyyətini, həmçinin gələcək perspektivlərini ətraflı şəkildə şərh edib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər dərin tarixi köklərə və ortaq mədəni dəyərlərə əsaslanır. Bu münasibətlər sadəcə diplomatik əlaqələr deyil, eyni zamanda dostluq, etimad və strateji tərəfdaşlıq nümunəsidir. Dövlət başçısının sözlərinə görə, iki ölkə arasında 170-dən artıq sənəd imzalanıb və bu sənədlər əməkdaşlığın geniş və çoxşaxəli xarakter daşıdığını sübut edir.

Müsahibədə iqtisadi əlaqələrin inkişafı əsas mövzulardan biri olub. Prezident bildirib ki, son illərdə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb və bu, qarşılıqlı iqtisadi maraqların və siyasi sabitliyin göstəricisidir. İlham Əliyev qeyd edib ki, hər iki ölkə bir-birinin iqtisadi tərəfdaşı kimi çıxış edir və bu əməkdaşlıq həm milli, həm də regional miqyasda mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələrə də xüsusi diqqət yönəldib. O bildirib ki, “Orta Dəhliz” adlanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycan və Qazaxıstanı birləşdirən əsas strateji xəttdir. Prezidentin sözlərinə görə, bu dəhlizin inkişafı yalnız iki ölkənin iqtisadi əlaqələrini gücləndirmir, həm də Asiya ilə Avropa arasında ticarət münasibətlərinin yeni mərhələyə yüksəlməsinə şərait yaradır. İlham Əliyev Xəzər dənizinin dibi ilə optik-lifli rabitə xəttinin çəkilməsi layihəsini xüsusi vurğulayaraq qeyd edib ki, bu layihə rəqəmsal inteqrasiyanın və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq.

Müsahibənin diqqətəlayiq hissələrindən biri enerji və ekologiya məsələlərinə həsr olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Qazaxıstan ənənəvi enerji sahəsində əməkdaşlıqla yanaşı, “yaşıl enerji” istiqamətində də birgə təşəbbüslərlə çıxış edirlər. Günəş və külək enerjisi layihələri gələcəkdə regionun enerji sistemində mühüm dönüş nöqtəsi ola bilər. O, həmçinin vurğulayıb ki, enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşı mübarizə iki ölkənin ortaq məsuliyyətidir və bu istiqamətdə koordinasiyalı fəaliyyət davam etdiriləcək.

İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) rolu barədə danışarkən qeyd edib ki, Türk dünyasının birliyi və həmrəyliyi regional sabitliyin və inkişafın əsas təminatçısıdır. O bildirib ki, Azərbaycan və Qazaxıstan bu təşkilat çərçivəsində sıx əməkdaşlıq edir, bir-birini dəstəkləyir və ümumi məqsədlərə nail olmaq üçün ortaq addımlar atır. Prezidentin fikrincə, Türk dövlətləri arasında inteqrasiya prosesi təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlərin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Müsahibə zamanı Prezident həmçinin qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək göstərir. Bu əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edir. İlham Əliyev vurğulayıb ki, regiondakı mövcud çağırışlara baxmayaraq, Azərbaycan və Qazaxıstanın strateji əməkdaşlığı hər zaman qarşılıqlı hörmət, suverenlik prinsipləri və dostluq münasibətləri əsasında inkişaf edib.

Prezident İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə həm də gələcəyə yönəlmiş strateji mesajlar daşıyır. Dövlət başçısı bildirib ki, qarşıdakı illərdə iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, infrastruktur layihələrinin genişlənməsi, enerji və rəqəmsal sahələrdə yeni təşəbbüslərin həyata keçirilməsi prioritet istiqamətlər olacaq.

Bu müsahibə Azərbaycan diplomatiyasının əsas xüsusiyyətlərini — praqmatikliyi, uzaqgörənliyi və tərəfdaşlıq fəlsəfəsini bir daha nümayiş etdirdi. İlham Əliyevin fikirləri göstərdi ki, Azərbaycan regionda sabitlik, əməkdaşlıq və inkişafın təşəbbüskarı olmaqda davam edir.

Beləliklə, Prezident İlham Əliyevin “Kazinform”a verdiyi müsahibə təkcə Azərbaycan-Qazaxıstan münasibətlərinin bugünkü səviyyəsini deyil, həm də gələcək inkişaf strategiyasını əks etdirən mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan təkcə coğrafi yaxınlığa görə deyil, ortaq tarixə, mədəniyyətə, məqsədlərə və dəyərlərə görə bir-birinə bağlı iki qardaş dövlətdir.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button