44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun şanlı Qələbəsinin nəticəsi olaraq Ermənistanın kapitulyasiyasına əsasən, Kəlbəcər rayonu ordumuzun nəzarətinə keçdi. Ali Baş Komandan İlham Əliyev siyasi-diplomatik yolla Ermənistanı zəbt etdiyi ərazilərimizi boşaltmağa məcbur etdi.
Öz milli haqqı olan ərazi bütövlüyü uğrunda 30 ilə yaxın idi ki, mübarizə aparan Azərbaycan danışıqlar prosesində işğalçı Ermənistanın maraqlarına cavab verən bir mövqe ilə üz-üzə qalmışdı. Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları daha inamla və daha dərindən əsaslandırılmış formada həyata keçirməsi və işğalçı ölkəni təslimçi sülhə məcbur etməsi üçün böyük hüquqi baza formalaşdırdı. Azərbaycanın tərəfdar çıxdığı mühüm ikitərəfli və çoxtərəfli sənədlərə respublikamızın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə müddəalar daxil edilməsi mühüm diplomatik uğurlarımız sırasında yer aldı. Kapitulyasiya aktına qeyd edilən Ermənistan İlham Əliyevin şərtlərini qəbul edərək əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə danışıqlar aparılsada lakin Azərbaycan humanistlik edərək müddətin 10 gün uzadılmasına razılıq vermişdir. Bu fürsətdən istifadə edən ermənin çirkin xislətinin təzahürünü gördük.
2020-ci il noyabrın 25-də xalqımıza müraicət edərək Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: “Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!”
Qeyd etmək istərdim ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb. 2020-ci il noyabrın 25-də Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri, Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək. Artıq Ermənistan tarixə məğlub, Azərbaycan isə zəfər çalmış ölkə kimi düşdü.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.