AnalitikaGündəmSiyasət

Kəlbəcərlilər üçün tarixi gün

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfər etdi. O gün Kəlbəcər əhalisinin həyatında tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırdılar. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun rəşadəti nəticəsində ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bu bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Kəlbəcər əhalisi uzun illər ərzində ağır şəraitdə – çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda – müxtəlif yerlərdə yaşayıb, həyatı çox ağır olub. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı. Bu hadisə ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır.

Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Kəlbəcər əhalisi artıq birinci yaşayış kompleksində evlərlə təmin olunur, amma inşaat işləri bununla bitmir. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.

Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir. Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi. Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz o vaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olmuşdur. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi. Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki işğal davam etsin, bir məqsədlə ki azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Biri silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi. Məhz buna görə məsələ öz həllini tapmırdı. Kiməsə elə gələ bilərdi ki, Azərbaycan xalqı bununla barışacaq.

Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir nəfər də olsun, döyüş meydanını tərk edən olmamışdır. Bir nəfər də olsun, fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi. Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Kəlbəcəri 2020-ci ilin sonunda, – artıq qış başlamışdır, – hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur.

Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. O cəmiyyət işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq.

Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Kəlbəcər əhalisi ilə görüş zamanı prezident İlham Əliyev bəyan etdi ki, biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik, əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gözəl binaların ətrafında görüşün təşkil edilməsinin rəmzi məna daşıdığını bildirən prezident İlham Əliyev dünya ictimaiyyətinə göstərdi ki, onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq. Kəlbəcər əhalisi ilə görüşün təşkil edildiyi gün eyni zamanda prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış kompleksinin, Kəlbəcər şəhər parkının təməlqoyma mərasimi də keçirilmişdir. Bu qəbildən aparılan davamlı yenidənqurma tədbirlərinin nəticəsində Kəlbəcər nəinki Azərbaycan Respublikasının, eyni zamanda dünyanın ən gözəl və təhlükəsiz məkanlarından birinə çevriləcək.

Qurbanova Səadət,
Xəzər rayonu, Ziya Ağayev adın 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button