AnalitikaGündəmSiyasət

Konstitusiya islahatları və dəyişən dövrün tələbləri

Konstitusiya dövlətin əsas hüquqi sənədi kimi cəmiyyətin inkişafını və dövlət idarəçiliyinin ehtiyaclarını nəzərə alan sabit, eyni zamanda təkmilləşdirilə bilən hüquqi çərçivədir. Zaman keçdikcə ictimai münasibətlər, iqtisadi sistem və idarəçilik mexanizmləri dəyişir. Bu dəyişikliklər Konstitusiyanın müasir tələblərə uyğunlaşdırılmasını zəruri edə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasına müstəqillik illərində bir neçə dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. 2002-ci il avqustun 24-də keçirilən referendumda Əsas Qanunun bir sıra müddəalarına dəyişikliklər edildi. Bu dəyişikliklər dövlət idarəçiliyinin və hüquqi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addım oldu.

2009-cu il martın 18-də keçirilən referendum nəticəsində Konstitusiyanın 25 maddəsinə dair dəyişikliklər və əlavələr qəbul edildi. Həmin dəyişikliklər müxtəlif sahələrdə hüquqi tənzimləmənin yenilənməsinə, dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsinə və vətəndaş hüquqlarının təminatlarının genişləndirilməsinə yönəlmişdi.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum da Konstitusiya islahatlarının mühüm mərhələsi oldu. Referendum nəticəsində 29 maddə üzrə 41 əlavə və dəyişiklik qəbul edildi. Bu dəyişikliklər idarəçilik sisteminin, dövlət institutlarının və hüquqi mexanizmlərin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyırdı.

Konstitusiya islahatlarının əsas məqsədi dövlətin hüquqi dayaqlarını zəiflətmək deyil, əksinə, onların səmərəliliyini və müasirliyini təmin etməkdir. Bu prosesdə xalqın iradəsinin referendum vasitəsilə ifadə olunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Konstitusiya inkişafı dövlətçiliyin dəyişən şəraitə uyğun davamlı yenilənməsinin nümunəsidir.

Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button