AnalitikaGündəmSiyasət

Konstitusiya – milli birliyin və həmrəyliyin hüquqi ifadəsi

Milli birlik müstəqil dövlətin siyasi sabitliyinin, təhlükəsizliyinin və inkişafının əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası xalqın vahid dövlətçilik iradəsini ifadə etməklə cəmiyyətdə birlik və həmrəylik üçün hüquqi zəmin yaradır. Əsas Qanunun müddəaları vətəndaşların bərabərliyini, hüquqlarını və dövlət qarşısında məsuliyyətlərini müəyyən edir.

Azərbaycan xalqının tarixində milli həmrəylik xüsusilə mürəkkəb dövrlərdə mühüm rol oynamışdır. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi çətinliklər dövlətçiliyin qorunması üçün vahid siyasi iradənin vacibliyini göstərirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyinin sabitləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Konstitusiya bütün vətəndaşlar üçün ortaq hüquqi məkan formalaşdırır. İnsanların etnik, dini, sosial və digər fərqlərindən asılı olmayaraq qanun qarşısında bərabərliyi dövlətin birləşdirici mahiyyətini gücləndirir. Bu prinsip müxtəlifliyin qorunması ilə ümumi milli maraqların uzlaşdırılmasına imkan yaradır.

2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik milli həmrəyliyin gücünü bir daha təsdiqlədi. Cəmiyyətin bütün təbəqələri dövlətin və ordunun ətrafında birləşərək tarixi Zəfərə mənəvi dəstək verdi. Bu birlik Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən prosesdə mühüm amillərdən biri oldu.

Bu gün milli həmrəyliyin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin və ictimai həyatın mühüm istiqamətlərindəndir. Konstitusiya bu birliyin hüquqi əsasını təşkil edir. Əsas Qanuna hörmət, milli dəyərlərə bağlılıq və dövlətçilik maraqlarına sədaqət Azərbaycanın davamlı inkişafına xidmət edir.

Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button