AnalitikaGündəmSiyasət

Konstitusiya və Azərbaycan Ordusunun tarixi Zəfəri

Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyini və ərazi bütövlüyünü fundamental hüquqi prinsiplər kimi müəyyən edir. Bu prinsiplərin qorunması müstəqil dövlətin ən mühüm vəzifələrindəndir. Uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın işğal altında qalması xalqımızın qarşısında ciddi tarixi vəzifə yaratmışdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin taleyüklü hadisələrindən birinə çevrildi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük hərbi-siyasi Zəfər qazandı. Bu qələbə xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təntənəsi idi.

Vətən müharibəsində əldə edilən nəticələr Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. İşğaldan azad edilən ərazilərdə dövlət suverenliyinin bərqərar edilməsi konstitusion prinsiplərin real həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Bununla uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışı üçün yeni imkanlar yarandı.

Zəfərdən sonra Azərbaycanın qarşısında azad edilmiş ərazilərin bərpası, təhlükəsizliyin təmin olunması və sosial-iqtisadi həyatın yenidən qurulması kimi mühüm vəzifələr dayandı. Bu proses dövlətin hüquqi əsasları, milli maraqları və konstitusion prinsipləri çərçivəsində həyata keçirilir.

Konstitusiya Günü artıq xalqımız üçün yalnız hüquqi sənədin qəbul edildiyi tarix deyil, həm də suveren dövlətçiliyimizin və milli iradəmizin rəmzidir. Azərbaycanın tarixi Zəfəri Əsas Qanunun müəyyən etdiyi ərazi bütövlüyü və suverenlik prinsiplərinin əhəmiyyətini daha da artırmışdır

Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button