
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıbdır.
1992-ci ildə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Ermənistanın işğalı altına düşən Laçın ötən dövrdə şəhərin sosial-iqtisadi və mədəni inkişafına ciddi zərbə alıb, əhali şəhərin tarixi və mədəni irsini qorumağa çalışıb. Laçının işğal altında qalması bölgənin strateji əhəmiyyətini daha da artırıb, şəhərin azad olunması Azərbaycan üçün milli birliyin, ərazi bütövlüyünün və vətənpərvərlik ruhunun simvoluna çevrilib.
Azərbaycan Ordusu 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altındakı torpaqları mərhələli şəkildə azad etdi. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu da Azərbaycan nəzarətinə qaytarılmalı idi.
Bu prosesin davamı olaraq, 2022-ci ilin 26 avqustunda Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürüldü. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün daha bir real təzahürü oldu.
Laçının azad olunması təkcə hərbi və siyasi qələbə deyildi, həm də xalqımız üçün böyük mənəvi zəfər oldu. Uzun illər həsrətində olduğumuz torpaqlarımıza qovuşmaq Azərbaycan xalqının milli həmrəyliyini, dövlətinə və ordusuna olan inamını daha da möhkəmləndirdi.
Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Şəhərdə müasir infrastruktur qurulur, yollar, körpülər, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları yenidən inşa edilir. Bu proses dövlətin diqqət və qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramı çərçivəsində Laçına ilk köçürülən ailələr öz doğma torpaqlarına qayıtdılar. Artıq sakinlər öz evlərində yaşayır, gündəlik həyatlarını davam etdirirlər. Laçınlılar yenidən kənd təsərrüfatı, təhsil və mədəni sahələrdə fəaliyyət göstərməyə başlayıblar.
Laçının azad olunması ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bu torpaqlar həm strateji mövqeyi, həm də zəngin təbii sərvətləri ilə ölkəmizin gələcək inkişafına mühüm töhfə verəcək. Ən əsası isə Laçının azadlığı xalqımızın iradəsinin, milli birliyinin və haqq işində qazandığı möhtəşəm zəfərin simvolu kimi daim yaddaşlarda qalacaq.
İldırım Eyvazlı
YAP-ın gənc fəalı