
Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik əsas göstəricilərdəndir. Birmənlı olaraq, deyə bilərik ki, Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir.
Müasir Azərbaycan reallığına baxanda ölkədə çoxsaylı mətbuat orqanlarının müxtəlif yönlü informasiyalar, müəllif rəyləri təqdim etdiyini görürük. KİV-dəki bu rəngarənglik, əslində, demokratiyanın çox vacib şərti olan fikir plüralizminin göstəricisidir. Çünki cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlandırılması baxımından söz, fikir, mətbuat azadlığı olduqca vacibdir.
1998-ci il avqustun 6-da Ümummilli liderin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. Bu sərəncam demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Senzuranın ləğv edilməsindən sonra bu istiqamətdə daha bir mühüm addım atıldı.
1999-cu ildə “KİV haqqında” Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləmə mexanizmi olan Mətbuat Şurası yaradıldı. 2004-cü ildə “İctimai Televiziya haqqında” qanun qəbul edildi. Hətta o dövrün bir sıra mətbuat və media nümayəndələri də birmənalı qeyd edirlər ki, Azərbaycan mətbuatı üzərində senzuranın ləğvi Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən növbəti uzaqgörən siyasət idi.
Azərbaycan son 30 ildə söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Aydındır ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir.
Validə Məmmədova,
YAP Şuşa rayon təşkilatının fəalı


