AnalitikaGündəmSiyasət

Müasir beynəlxalq münasibətlər sistemində “güc amili” əsas determinant kimi önə çıxır

3 noyabr 2025-ci il tarixi Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar bir gündür. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev yalnız elmin inkişafı haqqında deyil, eyni zamanda dövlətimizin strateji hədəfləri, iqtisadi gücü və hərbi potensialı barədə dərin məzmunlu mesajlar verdi. Bu çıxış həm elmi mühit, həm də ümumilikdə cəmiyyət üçün mühüm istiqamətverici xarakter daşıyır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “bizim güclü iqtisadiyyatımız bizə həm əminlik verir, həm də azad edilmiş torpaqların tezliklə bərpa edilməsinə imkan verir.” Bu fikirlər Azərbaycan dövlətinin iqtisadi və siyasi strategiyasının əsas mahiyyətini ifadə edir. Güclü iqtisadiyyat sadəcə sosial rifahın göstəricisi deyil, həm də milli təhlükəsizliyin, müstəqilliyin və suverenliyin təminatıdır. Son illər ərzində həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, innovasiyalara əsaslanan idarəetmə modeli Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.

Prezidentin çıxışında vurğulanan digər mühüm məqam güclü hərbi potensialın yaradılması ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, bu gün dünyada qaydalar dəyişib, beynəlxalq təşkilatların təsir gücü azalıb, qərarları çox zaman icra edilmir. Məhz bu reallıq fonunda Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn bərpasını öz gücü ilə təmin etdi. Prezident İlham Əliyevin dediyi kimi, əgər biz öz torpaqlarımızı hərbi yolla azad etməsəydik, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəlkə də yüz il sonra da icra olunmayacaqdı.

Bu fikirlər təkcə keçmişə baxış deyil, həm də gələcəyə yönəlmiş strateji mesajdır. Müasir beynəlxalq münasibətlər sistemində “güc amili” əsas determinant kimi önə çıxır. Dövlətlərin nüfuzu artıq təkcə diplomatik ritorika ilə deyil, real iqtisadi və hərbi potensialla ölçülür. Bu baxımdan Prezidentin vurğuladığı “təhlükəsizlik, müdafiə potensialı, hərbi güc əsas məsələdir” ifadəsi, əslində, Azərbaycanın gələcək inkişaf konsepsiyasının əsas istiqamətlərindən birini müəyyənləşdirir.

Azərbaycan son illər ərzində iqtisadi sabitliyi qorumaqla yanaşı, hərbi-texnoloji modernləşmə siyasətini də uğurla həyata keçirir. Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, yerli hərbi sənayenin inkişafı və yeni silah sistemlərinin tətbiqi dövlətin gücünün təməlini təşkil edir. Prezident İlham Əliyevin liderliyi altında həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir.

Eyni zamanda, Prezidentin Akademiya qarşısında səsləndirdiyi fikirlər elmin bu prosesdə oynadığı rola da işıq salır. Güclü iqtisadiyyat və güclü ordu yalnız elmi potensiala, bilik və innovasiyalara əsaslandıqda dayanıqlı ola bilər. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin məhz bu kontekstdə qeyd olunması, elmin dövlət siyasətinin əsas dayaqlarından biri kimi qiymətləndirilməsi təsadüfi deyil.

Cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, “müasir dünya biliklər əsridir” və yalnız elmi nailiyyətlərə söykənən dövlətlər qlobal rəqabətdə üstün mövqe tuta bilərlər. Elm, iqtisadiyyat və hərbi güc arasında yaradılan bu sinerji Azərbaycanın gələcək inkişafının təməl prinsiplərini müəyyənləşdirir.

Prezidentin çıxışı, əslində, həm elmi ictimaiyyətə, həm də bütövlükdə Azərbaycan xalqına ünvanlanmış strateji çağırış idi: müstəqil, güclü və müasir dövlət quruculuğu yalnız iqtisadi dayanıqlıq, elmi potensial və milli birlik sayəsində mümkündür. Azərbaycan bu yolla irəliləyir və əldə etdiyi uğurlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri, yeni texnoloji mərhələyə keçid bu siyasətin real nəticələridir.

3 noyabr 2025-ci ildə səsləndirilən bu çıxış Azərbaycan dövlətinin inkişaf fəlsəfəsini, yeni dövrün çağırışlarına uyğun strateji baxışını və liderlik vizionunu bir daha ortaya qoydu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün güc amili dünyada aparıcı amildir” – Azərbaycan da bu reallığı dərk edərək öz milli güc modelini uğurla formalaşdırır və qoruyur. Bu, həm xalqımızın təhlükəsizliyi, həm də dövlətimizin gələcəyi üçün ən etibarlı zəmanətdir.

İslam Bafadarov
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button