
Müstəqillik hər bir xalqın ən böyük sərvəti, ən ali dəyəridir. Azad yaşamaq, öz taleyini özü müəyyən etmək, milli kimliyini və dövlətçiliyini qorumaq hər bir millətin ən müqəddəs haqqıdır. Azərbaycan xalqı da tarix boyu bu haqq uğrunda mübarizə aparmış, böyük qurbanlar vermiş və nəhayət, müstəqilliyinə qovuşmuşdur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız ilk dəfə müstəqil dövlət qurmaq şərəfinə nail olmuşdur. Lakin müxtəlif tarixi səbəblərdən bu müstəqillik uzunömürlü olmamışdır. Buna baxmayaraq, xalqımızın azadlıq arzusu heç vaxt sönməmiş və 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etmişdir.
Müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Dövlət müstəqilliyimizin təhlükə altında olduğu mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa etmiş, dövlət quruculuğunun əsaslarını yaratmış, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmışdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz möhkəm təməllər üzərində qurulmuşdur.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, iqtisadi və siyasi gücünü artırmış, beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın tarixində yeni və şanlı səhifə açmışdır.
Bu gün üçrəngli bayrağımız ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. Müstəqillik bizə yalnız azad yaşamaq imkanı deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət verir. Hər bir vətəndaş öz fəaliyyəti, biliyi və vətənpərvərliyi ilə müstəqil Azərbaycanın inkişafına töhfə verməlidir.
Qoy Azərbaycan daim müstəqil, güclü və qalib dövlət kimi yaşasın! Bayrağımız həmişə yüksəklərdə dalğalansın, xalqımızın rifahı və birliyi əbədi olsun!
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



