
Prezident İlham Əliyev 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı ötən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu sənədin Azərbaycan-Özbəkistan münasibətlərində dönüş nöqtəsi olduğunu bildirən Prezident, onun sadəcə siyasi bəyanat deyil, real fəaliyyət proqramı olduğunu qeyd etdi.
Müqavilə iki ölkə arasında qarşılıqlı inam və dəstəyə əsaslanan münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirdi. İlham Əliyev çıxışında, bu sənədin imzalanmasından sonra praktiki əməkdaşlığın sürətlə artdığını, birgə layihələrin sayının çoxaldığını və qarşılıqlı səfərlərin intensivləşdiyini bildirdi. Daşkənddə imzalanan müqavilə yalnız dövlətlərarası münasibətləri deyil, həm də xalqlar arasında qardaşlıq tellərini gücləndirdi.
Sənədin icrası çərçivəsində Azərbaycan və Özbəkistan arasında enerji, nəqliyyat-logistika, yüksək texnologiyalar və təhsil sahələrində konkret təşəbbüslər həyata keçirilib. Prezident Əliyev çıxışında, bu təşəbbüslərin qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevrildiyini və gələcəkdə daha böyük regional layihələrə yol açacağını qeyd etdi.
Sonda Azərbaycan Prezidenti Müttəfiqlik münasibətləri haqqında Müqavilənin sadəcə kağız üzərində qalmadığını, əksinə, real nəticələr doğurduğunu vurğuladı. Bu sənədin iki qardaş xalq arasında strateji əməkdaşlığın əsas sütununa çevrildiyini ifadə etdi.
Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı