Neft Azərbaycanın milli sərvətidir

Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal “Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı o vaxt SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyevin qətiyyəti və səriştəliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Çox-çox sonralar cənab İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdir: “Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır.Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin, həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun”. Heydər Əliyev dənizdəki neft yataqları ilə bərabər, quruda da neft çıxarılmasına diqqəti gücləndirməyi daim tövsiyə etmişdir. Heç də təsadüfi deyildir ki, ARDNŞ-in birinci vitse-prezidenti olarkən cənab İlham Əliyev 1997-ci il fevralın 10-12-də ABŞ-ın Hyuston şəhərində Kembric Enerji Tədqiqatlar Assosiasiyasının enerji problemlərinə aid keçirdiyi beynəlxalq konfransda demişdir: “Hazırda quruda neft istehsalını inkişaf etdirməyə xüsusi maraq göstəririk. Dənizdəki neft yataqlarına sərmayə qoyuluşu ilə əlaqədar heç bir problem yoxdur və şirkətlərin çoxu bu sahəyə meyillidir. Azərbaycan isə, ilk növbədə, yüksək inkişaf etmiş beynəlxalq şirkətlərlə birgə işləmək arzusundadır və bu səbəbdən də kiçik və orta səviyyəli şirkətlərin dənizdəki sahələrdə işləmək imkanı çox azdır. Biz belə şirkətləri məhz qurudakı sahələrdə əməkdaşlıq etməyə dəvət edirik. “Əsrin müqaviləsi” barədə fikirlərimi həmin kontraktın banisi Ulu Öndər haqda yaxın keçmişimizin digər görkəmli siyasi dövlət xadiminin sözləri ilə tamamlamaq istərdim:Neft kontraktlarında Heydər Əliyevin rolu və uzaqgörən siyasəti 1997-ci il noyabrın 12-də keçirilən təntənəli mərasimdə Gürcüstanın o vaxtkı prezidenti E.Şeverdnadze tərəfindən layiqincə qiymətləndirilmişdir: “Prezident Heydər Əliyev bu yolla öz xalqına xas təmkin və cəsarətlə gedir. “Əsrin müqaviləsi” ideyasının yaranmasından tutmuş ilkin neftin nəqlinədək bu müqavilənin əslində bütün təfərrüatına yaxşı bələd olduğuma görə, Prezident Əliyevə göstərdiyi müdriklik və uzaqgörənlik üçün xüsusi minnətdarlığımı ifadə etmək istəyirəm. Bu müdriklik və uzaqgörənlik olmasaydı, belə nəhəng layihə çətin ki, reallaşardı”.
Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini



