GündəmSiyasət

Nəzrin Əlizadə: Bu gün hər bir Azərbaycan vətəndaşı dövlətimizin müstəqilliyini qorumağı, onun inkişafına töhfə verməyi özünün ən müqəddəs vəzifəsi hesab etməlidir

“28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əzəmətli və qürurverici günlərdən biridir. Bu tarix xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, dövlətçilik tariximizin yeni mərhələsinin başlandığı gündür. 1918-ci il mayın 28-də xalqımız böyük iradə və milli birlik nümayiş etdirərək Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətinin yaratdı. Bununla Azərbaycan xalqı öz müstəqil dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, xalqımızın milli yaddaşında dövlətçilik məktəbi yaratdı və gələcək müstəqil Azərbaycanın ideoloji təməlinə çevrildi”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının məsləhətçisi Nəzrin Əlizadə deyib.

Nəzrin Əlizadə bildirib ki, tariximizin müxtəlif dövrlərində müstəqilliyimiz ciddi sınaqlarla üzləşdi. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ölkədə mürəkkəb siyasi vəziyyət, iqtisadi çətinliklər və daxili qarşıdurmalar dövlətçiliyimizi təhlükə qarşısında qoymuşdu. Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı missiyasını yerinə yetirdi. Ulu Öndər yalnız siyasi böhranı aradan qaldırmadı, eyni zamanda müstəqilliyimizin möhkəm təməllərini yaratdı. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi gücləndirildi, iqtisadi inkişaf strategiyası müəyyən edildi və Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri formalaşdırıldı. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”. Bu fikir bu gün də öz aktuallığını qoruyur və dövlətçilik fəlsəfəmizin əsas prinsiplərindən biri kimi yaşayır.

“Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söz sahibi olan ölkə kimi nüfuzunu daha da artırmışdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadi güc, siyasi sabitlik və milli həmrəylik daha da möhkəmlənmişdir”. – deyən Nəzrin Əlizadə əlavə edib ki, bu gün Azərbaycan dünyada müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Dövlətimizin əldə etdiyi bütün uğurların əsasında Heydər Əliyev siyasi məktəbi və Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası dayanır.

Onun sözlərinə görə, bu gün hər bir Azərbaycan vətəndaşı dövlətimizin müstəqilliyini qorumağı, onun inkişafına töhfə verməyi özünün ən müqəddəs vəzifəsi hesab etməlidir. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Heydər Əliyev ideyaları üzərində yüksələn güclü Azərbaycan!

Oxşar Xəbərlər

Back to top button