AnalitikaGündəmSiyasət
Trend

Nəzrin Əlizadə: WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha bir mühüm göstəricisinə çevrildi

Son illər Azərbaycanın keçdiyi inkişaf yolu sübut edir ki, düşünülmüş dövlət strategiyası və güclü siyasi iradə ən mürəkkəb hədəflərin belə reallaşmasına imkan yaradır. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha bir mühüm göstəricisinə çevrildi. Dünyanın müxtəlif ölkələrindən minlərlə insanın iştirakı ilə təşkil olunan bu mötəbər tədbir ölkəmizin qlobal miqyasda artan rolunu və beynəlxalq etimad mühitində qazandığı mövqeyi bir daha nümayiş etdirdi.

Bu uğurun arxasında isə uzun illər ərzində formalaşdırılmış dövlət idarəçiliyi modeli dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri inkişafı yalnız bugünün ehtiyacları üzərində deyil, gələcək nəsillərin maraqları üzərində qurmaqdır. Məhz buna görə Azərbaycan son illər siyasi sabitliyi iqtisadi inkişafla, sosial rifahı isə strateji hədəflərlə birləşdirə bilmişdir.

Prezident İlham Əliyevin dövlət idarəçiliyində diqqət çəkən əsas məqamlardan biri milli dəyərlərlə müasir inkişafın uyğunlaşdırılmasıdır. Bu siyasət nəticəsində Azərbaycan bir tərəfdən öz tarixi-mədəni irsini qoruyur, digər tərəfdən isə müasir dünyanın çağırışlarına uyğun yenilənir. Şəhərsalma sahəsində görülən işlər də bu yanaşmanın mühüm tərkib hissəsidir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq layihələri dövlətin imkanlarını və siyasi iradəsini göstərən mühüm nümunələrdir. Bir zamanlar dağıntılarla üz-üzə qalmış ərazilərin müasir şəhərlərə çevrilməsi dövlətin gücünün, xalqın iradəsinin və gələcəyə olan inamının təcəssümüdür.

Bu gün Azərbaycan artıq mühüm qərarların müzakirə olunduğu, yeni ideyaların formalaşdırıldığı və qlobal təşəbbüslərin irəli sürüldüyü etibarlı tərəfdaşdır. WUF13 də bunu açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz daha geniş coğrafiyanın mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. WUF13 isə bu inkişaf yolunun təsdiqi, Azərbaycanın yüksələn nüfuzunun və güclü dövlət modelinin dünyaya təqdim olunan növbəti uğur səhifəsi oldu.

Nəzrin Əlizadə,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button