AnalitikaGündəmSosial

Novruz bayramı Azərbaycan xalqının milli və mənəvi varlığını özündə əks etdirən ümumxalq bayramıdır

Novruz bayramı öz gəlişi ilə evlərimizdə yeni bir ab-hava yaradır. Hətta dünyanın yaranışını ilk yaz günü ilə əlaqələndirən bu bayram xalqımız üçün olduqca dəyərlidir. Hər il mart ayında ölkəmizdə qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması və torpağın oyanması ilə əlaqələndirilir. Bolluğun, bərəkətin və xeyirxahlığın simvolu olan bayram ritualları, insanlar arasında birlik və mehribanlığın təşviq edilməsi, qarşılıqlı mərhəmət və diqqətin gücləndirilməsi kimi sağlam təməllər üzərində qurulub.

Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu və milli varlığını Novruz qədər ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək çətindir. Tarixi minillərlə ölçülən, milli adətləri yaşadan Novruz, bütövlükdə türk dünyasına aid bir bayram olsa da, Azərbaycanda daha möhtəşəm və zəngin ənənələrlə qeyd edilir. Novruz, qırğızlar tərəfindən Nooruz, özbəklər tərəfindən Növroz, başqırd türkləri tərəfindən Nevruz, tatarlar tərəfindən Navruz, Krım türkləri tərəfindən isə Nevrez adlandırılır və bir çox ölkələrdə geniş şəkildə qeyd olunur.

Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa və insana məhəbbət bayramıdır. Novruz adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları və qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə yaxşılıq, xeyirxahlıq və Vətəni sevmək kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunur.

Novruz Azərbaycan xalqının milli və mənəvi varlığını özündə əks etdirən və ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilmiş bir bayramdır. Bu bayram ictimai həyata yeni həvəs gətirir və milli adət-ənənələri yaşadır. Novruz ənənəsini davam etdirən hər kəs, mədəniyyət daşıyıcıları olmaqla yanaşı, bu ortaq dəyərləri qoruyurlar. Novruz xalqın ortaq duyğu və düşüncələrini əks etdirən və adət-ənənələrin qorunub yaşadılmasında böyük rol oynayan qədim bir el bayramıdır.

Tarixi şəxsiyyətlərin milli-mənəvi dəyərlərin qorunmasında və inkişafında mühüm rolu vardır. Müəyyən illərdə Novruzun qeyd edilməsinə qadağalar qoyulsa da, xalqımız bu bayramı qəlblərində yaşadıb və onu gələcək nəsillərə çatdırmaqda müvəffəq olub. Bu baxımdan, ulu öndər Heydər Əliyevin xidmətləri arasında Novruzun yenidən xalqımıza qaytarılması xüsusi əhəmiyyət kəsb edir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Novruz təntənələri xalqımızın həyatına daxil olub.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button