
Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Novruz bayramı təbiətlə – su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir.
Artıq beşinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. Beş il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
2021-ci il mart ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Novruz bayramını Şuşa şəhərində qeyd etdi. Bu bayram, xalqımızın ən qədim və ən əlamətdar adətlərindən biri olan Novruzun, həm də işğaldan azad olunmuş Şuşa şəhərində qeyd edilməsi ilə xüsusi bir məna qazandı. Novruz bayramının həm mənəvi, həm də milli əhəmiyyətini vurğulayan Prezidentin təbriki, həm də Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsini göstərdi – Şuşanın azad edilməsi və onun yenidən Azərbaycan xalqına qovuşması.
Faiq Xələfov,
YAP Xəzər rayon təşkilatının fəalı