AnalitikaGündəmİqtisadiyyat

Ölkə ərazisində yenilənən nəqliyyat infrastrukturu iqtisadi inkişafımızın göstəricisidir

Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var. Son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür. Böyük infrastruktur layihələri icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Bu sözləri Ölkə başçısı cənab İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etmişdir.

Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çataraq o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.  Nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib. Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər, yollar salındı. Bu fəaliyyətlərin baş verməsəydi, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Dövlət başçısı tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib.

O qeyd edib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə olub. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq. Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər.

Ölkə başçısı həmçinin, ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsində maraqlı olduğumuzu da vurğulayıb. Bunun üçün əməli tədbirlərin görülməsi öz səmərəsini vermişdir.  Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.  Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Xüsusilə rəqəmsallaşma məsələlərinə diqqət göstərilir.

Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır. Ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmək əsas isbatlarımızdan biridir. Qeyd etməliyik ki,  adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam etməkdədir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etməliyik.

Zəngəzur dəhlizi Azərbaycanın əhəmiyyətli layihəsidir. Mütləq olaraq həyata keçiriləcək. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı. Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadə, qəbul edilmiş termindir. Əlbəttə ki, bu dəhlizin açılması üçün praktiki addımlar atırıq.  Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir. Faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.  Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır.  Ermənistan isə buna əməl etmir.  Müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir. Manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçası olaraq qalacaq. Bizim şərtlərimiz isə ədalətli, beynəlxalq hüquqa əsaslanır. Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır.

Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik.  İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər.  Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Ona görə bu məsələ diqqət mərkəzində olacaq.   Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərə nəzər saldıqda bu aydın şəkildə görünür. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.

Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyik ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb  yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparıldı.  Göstərilən səylərin nəticəsində razılığa gələ bildik. Bu, strateji layihə olaraq qiymətləndirilir. Gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik. Azərbaycan ərazisində dəmir yolu müasirləşdirildi.

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib.  Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək. Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq. Təqdim edilən təklifə əsasən yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa ediləcək.

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu – hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə gəlincə, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olmaqla böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən bu proqram  Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button